Rəşad Məcid: Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var - MÜSAHİBƏ

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycan jurnalistikasında müşahidə olunan yeni meyillər və ortaya çıxan problemlərlə bağlı “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. 

- Media fəaliyyətinə başladığınız dövr və bu günü müqayisə etsək, müsbət və mənfi yöndə hansı dəyişikliklər var? Müasir medianın əsas problemləri nələrdir?

- Mən mətbu fəaliyyətə hələ sovet dönəmində 110 min tirajla nəşr olunan “Elm və həyat” jurnalında korrektor kimi başlamışam. Bu sahədə, demək olar, ən aşağı vəzifədən tutmuş bütün vəzifələrdə çalışmışam. Sovet dövründə senzura mühiti hökm sürürdü, mətbuatda dövlət sirlərinin mühafizəsi ilə bağlı qurum – baş idarə mövcud idi. 

Ötən əsrin 90-cı illərin əvvəllərində “Ədalət”, “Azərbaycan” qəzetlərində çalışmışam. Nəhayət, 1992-ci ildə “525-ci qəzet”i təsis etdim. 1998-ci ilin avqustunda ulu öndər Heydər Əliyevin fərmanı ilə haqqında söz açdığım baş idarə ləğv edildi, senzura aradan qalxdı. Bu, son dərəcə böyük addım idi. Müharibə təhlükəsinin sovuşmadığı ölkədə mətbuat üzərindən məhdudiyyətləri aradan qaldırmaq cəsarət tələb edirdi ki, ulu öndər də məhz belə bir xarakterin sahibi idi. 

Ancaq senzuranın ləğvi yalnız müsbət meyillərlə səciyyələnmədi. Mənfi cəhətlər də özünü göstərdi. Əlbəttə, zamanla onların sıradan çıxdığını gördük. Bir məqam var ki, mətbuat özü tamam başqa müstəviyə qədəm qoydu. Texnoloji yeniliklər sözünü deməyə başladı. Bu dəfə həmin yeniliklərin gətirdiyi problemlərlə üzləşməli olduq. Nəticədə indi görürük ki, klassik jurnalistikamızın ənənələri, o cümlədən, publisistika, araşdırma jurnalistikası yeni medianın dinamik, qıvraq iş üslubu ilə rəqabətdə, bir növ, tarixə çevrilməkdədir. Bu isə dərin təəssüf hissi doğurmaqdadır. 

Ümumən, o zaman mühit başqa idi. Problemlər özünü tam fərqli müstəvilərdə göstərirdi. Əlbəttə, həmin dövrün neqativ tərəfləri olduğu kimi, müsbət tərəfləri də vurğulanmalıdır. Ancaq problemlərə dövrləri müqayisə prizmasından yanaşmaq düzgün olmaz. 


Azərbaycan böyük inkişafa nail oldu, bir çox ölkələrin gedə bilmədiyi yolu çox qısa müddətdə qət etdi. Nəzərə alaq ki, otuz il tarix üçün elə böyük zaman kəsiyi sayılmır. Ancaq Azərbaycan ötən müddəti tarixə çevirməyi bacardı. Hesab edirəm ki, ən böyük nailiyyətimiz budur. Başlıca məsələ medianın nailiyyətlərdən nə dərəcədə faydalanmasıdır. 

Düşünürəm ki, media, ümumən, ölkəmizin iqtisadi inkişafından özünə pay götürməyi bacardı və inkişaf etdi. İnkişaf üç istiqamətdə getdi. Birincisi, mediamız ilk növbəd söykəndiyi ənənələri əsas tutdu. İkincisi, yeni peşəkarlıq vərdişləri əldə etdi. Üçüncüsü isə zaman mediamız qarşısında daha bir vəzifə müəyyənləşdirdi. Söhbət dünya mediasına inteqrasiyadan gedir. İnteqrasiya baxımından həm Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, həm də xarici təcrübənin, yeni texnologiyaların tətbiqi əsasdır.  

Problemlərə gəlincə, bəli, onlar var və olacaq da. Əslində, dünya mediası da çətinliklərdən xali deyil. Burada peşəkarlığın dərinləşdirilməsindən tutmuş, bir sıra məqamları vurğulamaq mümkündür. Fikrimcə, əsas olan problem və çətinlikləri aradan qaldırmaq əzmidir ki, bu istiqamətdə səylərin olduğunu görürük. Hesab edirəm ki, əvvəlki dövrlə indiki dövrü birləşdirən başlıca cəhət elə budur. O dönəmdə də Azərbaycan mediası mübariz olub, indi də eyni təbiətdədir. 

“Mediamızın COP29 sınağından üzüağ çıxdığını sübuta yetirən cəhətlər kifayət qədər çoxdur”

- Ölkəmiz bu yaxınlarda COP kimi nəhəng bir tədbirə ev sahibliyi etdi. Sizcə, mediamız tədbiri lazımınca işıqlandıra və bu sınaqdan üzüağ çıxa bildi? Çatışmazlıqlar nə idi? Bu tip beynəlxalq tədbirlərin daha yaxşı işıqlandırılması və beynəlxalq auditoriyaya daha yaxşı çıxmağımız üçün mediamıza nə lazımdır?

- Bəribaşdan deyim ki, mediamız COP29 sınağından üzüağ, alnıaçıq çıxmağı bacardı. Bununla bağlı təəssüratlarımı yazı şəklində bölüşdüm. COP29-un işıqlandırılması xüsusunda çətinliklər, çox güman, olub. Ancaq hesab edirəm ki, onlar gözlə görüləcək səviyyədə deyildi və zamanla ayrı-ayrı sistematik təhlillər nəticəsində müəyyən detallar üzərində dayanmaq, nəticə çıxarmaq mümkündür.  


Əvvəla, COP29 media təmsilçilərimizin kommunikabelliyini gücləndirdi. Bütövlükdə sessiyanın və onun tərkib hissəsi olan panel müzakirələrin işıqlandırılması, müxtəlif ölkələrdən gələn yüksək səviyyəli iştirakçılarla, ictimai-siyasi xadimlərlə müsahibələrin aparılması zamanı jurnalistlərimizin xarici dil biliklərini nümayiş etdirmələri çox təqdirəlayiq hal idi. 

Digər tərəfdən, COP29-un başlıca mövzusuna, iqlim dəyişmələri, ekoloji vəziyyət və onun təzahürlərinə dair qlobal məsələləri öyrənmək özü ayrıca təcrübədir. Bakının bu məsələlərin geniş miqyasda müzakirə meydanına çevrilməsi, istər-istəməz, mediamızın da mövcud istiqamətdə yeni biliklərə yiyələnməsinə, peşəkarlığının artmasına şərait yaratdı.

Bundan başqa, Azərbaycan mediası COP29-la bağlı məsələlərin işıqlandırılmasında xarici media üçün istinad mənbəyi oldu. İstinad, təbii ki, etimad və etibarlılıq mövcud olduğu təqdirdə yaranır. Hesab edirəm ki, jurnalistlərimiz COP29 çərçivəsində reallaşmış ayrı-ayrı tədbirlərin mahiyyətini düzgün formada, yüksək peşəkarlıqla çatdırdıqlarından, verilən mesajları səlist şəkildə işıqlandırdıqlarından onlara ciddi inam yarandı. Ümumən, mediamızın COP29 sınağından üzüağ, alnıaçıq çıxdığını sübuta yetirən cəhətlər kifayət qədər çoxdur. 

- Azərbaycan mətbuatı bu gün nə dərəcədə rəqabətədavamlıdır? Dünyanın qabaqcıl ölkələrinin mətbuatında olan, bizdə olmayan nədir? 

- Rəqabətə davamlılıq önəmlidir. Ümumən, rəqabətə üç kontekstdə yanaşmaq istərdim. Birincisi, media orqanlarının bir-biri ilə rəqabəti, ikincisi, medianın zamanın dəyişən iqtisadi şərtləri fonunda rəqabətədavamlılığı, üçüncüsü isə informasiya yayıcılığı imkanları daxilində rəqabət. Əlbəttə, hər üç istiqamət üzrə işini uğurla qura bilən media orqanlarımız var. Amma mütləq mənada demək olmaz ki, onların hamısı bunu bacarırlar və mövcud durum, hansısa mənada, təbii sayılmalıdır. 

Düşünürəm ki, başlıca dəyər ictimai maraqlar, cəmiyyətin mənafelərinin təminatı olmalıdır. Media bu mənafelər naminə nə qədər çox çalışacaqsa, nə qədər çox peşəkarlığa üstünlük verəcəksə, bir o qədər onun mövcudiyyət müddəti uzun olacaq. 


Dünya mediası ilə müqayisəyə gəldikdə, əslində, bunu bir o qədər düzgün saymıram. Müəyyən məsələlər var ki, ona yanaşma da müxtəlifdir. Əlbəttə, gözlə görünən məqamlar var. Bu baxımdan texniki təchizat və maddi təminat amili üzərində dayanmaq mümkündür. Əlbəttə, sadə məntiqlə düşünsək, 600 manat əməkhaqqı alan jurnalistlə 6 min avroya çalışan jurnalisti bir eləmək olmaz. Aydındır ki, ikinci yaradıcılığa daha kreativ yanaşacaq, onun düşünmək imkanları xeyli geniş olacaq və sair.

Bir vaxtlar çox çalışdıq, ancaq reklam bazarının məhdudluğu, çap mediasının onlayn media ilə rəqabətə uduzması fonunda yaşanan proseslər ümumən, medianın biznes strukturuna çevrilməsinə imkan vermədi. Çünki daha dinamik və çevik fəaliyyət üçün maliyyə imkanları məhdud oldu. Bütün bunlara rəğmən onu da deyim ki, Azərbaycanda rəqabətədavamlı media orqanları formalaşdırmaq əzmi var. Bu baxımdan, ilk növbədə, dövlət dəstəyi üzərində dayanmalıyıq. Hesab edirəm ki, bu dəstək fundamentaldır. Fikrimcə, irəliləyişləri görmək çox zaman almayacaq. Həm də ona görə ki, hazırda informasiya və media amili qlobal mahiyyət daşıyır. Bəzən ondan dövlətlərin taleləri asılı olur. Mövcud tendensiya daha da güclənəcək. Güclü media həm də güclü dövlət anlayışı ilə assosiasiya olunursa, deməli, birinci amilin özünü sözün bütün anlamlarında təsdiqləməsi zamanın diktəsidir. 

“Əlaqədar qurumlar jurnalistikada ixtisaslaşma dərəcəsinin güclənməsində maraqlı olsalar, daha effektiv nəticələr olar”

- Bu gün mətbuatımızın elm və təhsil istiqaməti üzrə fəaliyyətini necə dəyərləndirirsiniz?

- Ümumən, mediamızda ixtisaslaşmanın dərinləşməsinə ehtiyac var. Siz elm və təhsil istiqaməti üzrə dediniz. Əslində, digər sahələrdə də eyni problemlər qalmaqdadır. Əlbəttə, bu kimi məqamlar media camesəini düşündürməlidir və düşündürür də. Ancaq fikrimcə, əlaqədar qurumlar də jurnalistikada ixtisaslaşma dərəcəsinin güclənməsində maraqlı olsalar, daha effektiv nəticələr əldə edilə bilər. Məsələn, müxtəlif qurumlar Mətbuat Şurasına birgə müsabiqə ilə bağlı müraciətlər edirlər. Biz öz növbəmizdə bu müsabiqələrin təşkilində maraqlıyıq və dəstəyimizi göstəririk. Görürük ki, müəyyən qənaətbəxş nəticələr var. Ayrı-ayrı media təmsilçiləri püxtələşirlər.

Əlbəttə, daha yaxşı olardı ki, ixtisaslaşma sistemli aparılsın. Yəni bu gün təhsil sahəsinə cavabdeh qurum öz fəaliyyəti ilə bağlı cəmiyyətin obyektiv şəkildə məlumatlandırılmasını istəyirsə, bu istiqamətdəki jurnalist yaradıcılığını təkmilləşdirməyi də nəzərə almalıdır. Nəzərə alaq ki, təhsil sahəsində fundamental biliklərə malik, yeni nailiyyətləri mənimsəmiş jurnalist həm də belə demək mümkünsə, aktiv təhsil lobbiçisi funksiyasını yerinə yetirməkdədir. 

- Bu gün bir çox mətbu orqanları “şagird şagirdi döydü, xəsarət yetirdi” kimi məişət səviyyəsində olan məsələləri daha çox işıqlandırır. Sizcə, bu, nədən qaynaqlanır? Bu tip məlumatların cəmiyyətin inkişafına, maarifləndirilməsinə bir töhfəsi varmı? Ümumiyyətlə, bu sahədə ən çox hansı yazılara ehtiyac var? Hansı tövsiyələri verə bilərsiniz?

- Bəli, təəssüf ki, qeyd etdiyiniz neqativ, ucuz sensasiya yaratmaq meyilləri var. Yenə də bildirim ki, eyni xoşagəlməzliklər, naşı və qeyri-peşəkar yanaşmanın arealı digər sahələri də əhatə etməkdədir. Düşünürəm ki, hazırda informasiya, onun məzmunundan asılı olmayaraq, dinamik struktura malikdir. Müxtəlif sahələr, o cümlədən, təhsil sahəsi ilə bağlı neqativ məlumatların yayılmasının qarşısının alınması üçün isə ilk növbədə, həssas davranılmalıdır. 

Konkret bir məktəbdə şagirdin şagirdə xəsarət yetirməsi kimi informasiya yayılırsa, əlaqədar dövlət qurumu məsələyə çevik və təxirəsalınmaz reaksiya nümayiş etdirməlidir. Hesab edirəm ki, belə olduqda informasiyanın mənfi və reallıqdan uzaq təzahürünün cəmiyyətdə neqativ təsirlər formalaşdırmasının qarşısı tez bir zamanda alınacaq. 

Hansı yazılara ehtiyacın daha çox duyulduğuna gəldikdə, əlbəttə, dövlətin təhsil siyasətinin incəliklərinin təhlil olunduğu materiallar zəruridir. Çünki cəmiyyət üzvləri mövcud istiqamətdə özlərinin malik olduqları hüquqları daha yaxşı dərk etməli, yeniliklərdən ətraflı və detallı şəkildə xəbərdar olmalıdırlar. 


“Jurnalistlərin praktik yaradıcılıqla məşğul olmaq imkanları xeyli genişlənib” 

- Jurnalistikanın tədris olunduğu ali təhsil müəssisələrində bu sahənin müxtəlif qolları üzrə ixtisaslaşma olmalıdırmı? Sizcə, necə bir sistem yaradılmalıdır ki, yekunda daha savadlı və peşəkar kadrlar hazırlansın?

- Ümumən, jurnalistikada ixtisaslaşma əsaslı işə çevrilməlidir. Doğrudur, ali məktəblərimizin jurnalistika fakültələrində tədrisdə ciddi nailiyyətlər var. Sırf sahələr üzrə ixtisaslaşma isə bir fakültənin işi ola bilməz. Fikrimcə, bunun üçün jurnalistika üzrə ayrıca təhsil ocağına ehtiyac var. Ehtiyac hər ötən gün daha çox hiss olunmaqdadır. Çünki informasiya artıq yalnız məlumat vermək deyil, həm də ictimai rəy formalaşdırmaq işi olaraq, daha çox ön plandadır. Media özü, bir növ, siyasətdir. Bu siyasətin isə bütün tərəflərinin nəzərə alınması mütləqdir.

- Jurnalistika fakültələrində təhsil alan tələbələrin praktiki bacarıqlarının aşağı səviyyədə olduğunu görürük. Düzdür, son illərdə aparılan islahatlarla bu problem müəyyən qədər həllini tapıb. Maraqlı layihələr icra olunur. Bəlkə tədris müddətinin 1 ilinin məhz təcrübəyə ayrılması daha faydalı olar? 

- Təhsildə təcrübə amilinə həssas yanaşılma şərtdir. Hazırda bununla bağlı müvafiq mexanizm tətbiq edilir. Təcrübə müddəti ilə bağlı dəyərləndirmələrin isə hesab edirəm ki, təhsil peşəkarları tərəfindən aparılması daha münasib olardı. 

Əsas məsələ həm də təcrübənin səmərəliliyini təmin etməkdir. Əlbəttə, burada fərdi amillər əsas rol oynayır. Əgər hansısa jurnalist-tələbə peşəyə sevgi ilə yanaşırsa, təbii ki, o, özünə yol açmaq üçün əzmlə çalışacaq, yeniliklərə daha çox vaqe olacaq. 

Qeyd edim ki, mən də bir müddət jurnalistika fakültəsində praktik yaradıcılıqdan dərs demişəm. “525-ci qəzet”də gənc jurnalistlərin təcrübi biliklərə yiyələnmələri üçün onlara səhifələrin ayrılması təcrübəsi olub. Çünki özüm jurnalistika fakültəsində təhsil aldığımdan yazmaq qabiliyyətinin, peşə vərdişlərinin formalaşmasının praktikadan asılılığını dərk etmişəm. 

Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mətbuat Şurasının auditoriyası fəaliyyət göstərir, eyni zamanda, ARB telekanalının otağı var. Bu günlərdə Medianın İnkişafı Agentliyinin auditoriyası yaradıldı. “Xalq qəzeti”nin də debat otağı fəaliyyətə başlamaq üzrədir. 


İki ildir ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclasları fakültədəki auditoriyamızda tələbə-gənclərin iştirakı ilə keçirilir. Bu yolla tələbələr iş prosesində yol verilən nöqsanlarla, peşə prinsiplərinin pozulması halları ilə əyani şəkildə tanış ola bilirlər. Hesab edirəm ki, bu, onların gələcəkdə səhvlərdən uzaqlaşması üçün sığortadır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, jurnalistlərin praktik yaradıcılıqla məşğul olmaq imkanları xeyli genişlənib. 

Bir xüsusa da diqqət yetirim. Dost və qardaş Türkiyədə görmüşəm ki, böyük televiziyalar, media holdinqlər jurnalist olmaq istəyən azyaşlılar üçün liseylər açırlar. Yəni, faktiki olaraq, orta məktəb dövründən bu işə başlanılır. Yəni, belə demək mümkünsə, bünövrədən təcrübənin əhəmiyyətinə həssas yanaşılır. Arzu edək ki, bizdə də belə bir durum formalaşsın, imkanlara sahib olaq.  

Ümumən, jurnalistika elə bir sahədir ki, onu bir, beş, on ilə öyrənmək olmur. Çünki daim dəyişir. Ayaqda qalmaq üçün dəyişikliyə adekvat reaksiya son dərəcə vacibdir.

- Yaradıcılıq janrları sanki sıradan çıxıb. Bunun səbəbini nədə görürsünüz? Bu janrlar öz dövrünü başa vurub, yoxsa yaza bilənlərin sayı azalıb?

- Bəli, bir sıra yaradıcılıq janrları sıradan çıxıb və bu da təəssüf hissi doğurmaqdadır. Ancaq deməzdim ki, janrlar ömrünü başa vurublar. Ən azından, bu fikri yaxın qoymuram. Baxmayaraq ki, hazırda jurnalistikanın hədəflərinin tam fərqli olduğu da diqqətimdən yayınmır. Axı, nəzərə almalıyıq ki, jurnalistika, eyni zamanda, zövq işidir, estetikadır. Buna görə də publisistika koloritinin öz aktuallığını qoruyacağı qənaətindəyəm.

Bəs, nə üçün indi publisistik dəst-xəttə az üstünlük verilir? Fikrimcə, bu, dövrün xüsusiyyətindən irəli gələn cəhətdir. Sadaladığımız problemlər janr müxtəlifliyinin aradan qalxmasına təsirini göstərir. Düşünürəm ki, zamanla daşlar yerinə oturacaq. Hər halda, buna ümid bəsləyirəm.

- Bu gün yazının oxucuya çatması üçün müasir media alətlərindən istifadə etmək olar, bu sahədə SEO texnologiyalarının tətbiqi mümkündür. Sizcə, universitetlərdə tələbələrə medianın marketinq tərəfi ilə bağlı bacarıqlar öyrədilir? 

- Yaxşı yazı mütləq oxucusunu tapacaq. Əlbəttə, media alətlərindən istifadənin əhəmiyyətini kiçiltmək istəmirəm. O cümlədən, media marketinqinin düzgün qurulmasının vacibliyini qəbul edirəm. Media konvergensiya mərhələsindədir və informasiyanın cəmiyyətə çatdırılma alətlərinin sayının artdığı diqqətdən yayınmır. Təbii ki, həmin alətlərə bələdçilik oxucu auditoriyasına daha səmərəli şəkildə çatma imkanları deməkdir. 

O ki qaldı tələbələrə müasir marketinq üsullarının çatdırılmasına, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bu iş yetərincə düzgün qurulub. Bakı Slavyan Universitetində də həmçinin. Ümid edək ki, nəticələr özünü çox gözlətməyəcək.


Süni intellekt tam mənada beyin məhsulunun yerini verməyəcək 

- Süni intellekt həyatımızın bir parçasına çevrilir. Bunun mediaya təsirini, təhlükəlilik səviyyəsini necə qiymətləndirirsiniz? Beyin məhsulu bir müddət sonra aktuallığını itirə bilərmi? Süni intellektlə davranışımız necə olmalıdır?

- Əlbəttə, süni intellektin verdiyi imkanlar genişdir və genişlənməkdə davam edir. Bəzən onun insanların yerinə düşündüyünə dair da mesajlar gəlməkdədir. Ancaq, fikrimcə, süni intellekt tam mənada beyin məhsulunun yerini verməyəcək. 

Dünyada ictimai rəyi formalaşdıran media orqanlarının fəaliyyətinə diqqət yetirək. Onlarda çalışanlar, hər gün tamaşaçılar, dinləyicilər qarşısına çıxan jurnalistlərdir, hansısa süni intellekt məhsulu yox. Mən polemikanın, aparılan müzakirələrin əhatə dairəsinin genişliyinə nəzərən də düşünürəm ki, süni intellektin insan düşüncəsini əvəzləməsi mümkünsüzdür. 

Hesab edirəm ki, süni intellekt jurnalistikada effektiv köməkçi vasitə kimi özünü doğruldacaq. Nəinki doğruldacaq, eyni zamanda təsdiqləyəcək. Məhz bu təsdiqləmə fonunda insan, konkret olaraq, jurnalist düşüncəsinin daha fərqli metodlar axtarması vacibdir. Bunu axtarıb tapanlar ayaqda qalacaq, tapmayanlar isə rəqabət mühitində əriyəcəklər. Dövrün tələbi belədirsə, nə etmək olar?

- Bu gün aparıcı xarici mediadan geri qaldığımız əsas məsələlərdən biri müəlliflik hüquqlarının qorunmaması, ona hörmət edilməməsi ilə bağlıdır. Bu sahədə tənzimlənmənin həyata keçirilməsi üçün hansı addımlar atıla bilər?

- Müəllif hüquqlarına riayət xeyli dərəcədə şüur və etika məsələdir. Hər kəs dərk etməlidir ki, başqasının zehin məhsulunu mənimsəmək, yumşaq desəm, düzgün deyil. O ki qaldı məsələnin digər tərəflərinə, hesab edirəm ki, qanuni tənzimləmə mütləqdir. Dünyanın bir çox yerlərində bu, tətbiq edilir. Özü də təkcə jurnalistika sahəsində yox, digər sahələrdə də. 

Mediada müəllif hüquqlarına əməl edilməsinə gəlincə, bu, həm də peşəkarlıq tələbidir. “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda ayrıca prinsip və həmin prinsipdən irəli gələn bəndlər yer almaqdadır. Həmin tələblərə həssas yanaşılması mütləqdir və Mətbuat Şurası zaman-zaman mövcud istiqamətdə çağırışlar edir. 

“3-cü sinfi bitirəndə müəllimimə şeir yazmışdım” 

- "Azərbaycan müəllimi" qəzetinin və onlayn versiyasının fəaliyyətini yəqin ki, izləyirsiniz. Sizcə, fəaliyyətmizdə çatışmayan tərəflər nədir? Saytımızda və qəzetimizdə necə yazıların olması daha yaxşı olardı?

- Bəli, “Azərbaycan müəllimi”ni izləyirəm. Hesab edirəm ki, qəzet ixtisaslaşmış təhsil nəşri kimi müasir media konvergensiyası mühitinin tələblərinə uyğun fəaliyyət göstərməkdədir. Ən əsası isə onun janr rəngarəngliyini qoruduğu diqqətimdən yayınmır. Heç şübhəsiz, əldə olunmuşlarla kifayətlənilməməlidir. Düşünürəm ki, qəzetin rəhbərliyi və əməksevər kollektivi qarşıdakı illərdə də bu amili əsas götürərək işlərinə daha məsuliyyətli şəkildə yanaşacaq, nəşrin 90 il ərzində fövqündə durduğu mütərəqqi ənənələri yaşadacaqlar. 

- Sonda müəllimlərinizlə, təhsil aldığınız illərlə bağlı da xatirələrinizi bölüşməyinizi xahiş edərik. Hansı yaddaqalan anlarınız olub?

- Mənə dərs deyən bütün müəllimləri həmişə ehtiramla yada salmışam. Təhsilimi bitirdikdən sonra da onları görəndə hər birinə böyük hörmətlə yanaşmışam, bu dəyərli şəxslər haqqında fəxrlə danışmışam. Müəllim adını hər zaman uca tutmuşam. 

Xatirələrim çoxdur, yalnız bir-neçəsinin üzərində dayanacam. İbtidai sinif müəllimim olan Fəridə xanımı xatırlayıram. O, mənə Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbində dərs demişdi. Yadımdadır, 3-cü sinfi bitirəndə Fəridə müəlliməyə minnətdarlıq hissi kimi bir bəndlik şeir yazmış və təşəkkürümü bildirmişdim. 


9-10-cu sinifləri 1 nömrəli Fizika-riyaziyyat təmayüllü məktəbdə oxumuşdum. Həmin məktəbdə riyaziyyat müəllimimiz həm də məktəbin direktoru olan Əziz müəllim idi. Əziz müəllim öz dərsini deyirdi, eyni zamanda, dahi şairimiz Səməd Vurğundan şeirlər söyləyirdi, şairin “Vaqif” poemasından bəndlər səsləndirirdi. Bir növ, riyaziyyatı şeirlə birləşdirirdi. Məni kimi riyaziyyat fənnini yaxşı bilən bir şagirdin gələcəkdə ədəbiyyata, poeziyaya yönlənməsində Əziz müəllimin mühüm rolu olmuşdu. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, kitablarını sevə-sevə oxuduğum Nurəddin Babayevin oçerk sənətkarlığı mövzusunda zaçotundan necə qiymət almağım yadımdan çıxmaz. O vaxt zaçot almaq üçün oçerk yazırdıq və mən həmin oçerki Nurəddin müəllimə həsr etmişdim. Amma düşünürəm ki, bu, tamamilə ayrı müsahibənin, yaxud söhbətin mövzusudur. 

Sizə təşəkkür edirəm ki, müsahibədə dəyərli pedaqoqları yada salmağıma imkan yaratdınız. Bir daha dünyasını dəyişən müəllimlərin ruhuna ehtiramımı bildirir, həyatda olanlara möhkəm cansağlığı arzulayıram.