Trampın hansı kursu tutacağı ilə bağlı bir müddət keçdikdən sonra daha ciddi təhlillər aparmaq olar
Burada əsas məsələ sülhün imzalanması deyil, onun şərtlərinə əməl edilməsidir
Bu baxımdan "3+3" platformasının daha aktiv işləməsi mümkündür
Ermənistanın baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumunun "Avropanın təsirini necə yaymaq olar?" panel müzakirəsində çıxış edərək bildirib ki, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir. O, xüsusilə Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazır olduğunu vurğulayıb. Paşinyan qeyd edib ki, İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması istiqamətində iş aparır.
Paşinyanın həmin forumda "Biz tarazlaşdırılmış xarici siyasət yürütməyi qərara aldıq. Bu o deməkdir ki, biz Avropa İttifaqı, Rusiya və regional qüvvələrlə münasibətlərimizi balanslaşdırmağa çalışacağıq" deməsi belə bir sual doğurur: Ermənistanın siyasi kursu müəyyən mənada Azərbaycanın xarici siyasət xəttinə bənzəyirmi? Xatırladaq ki, Prezident İlham Əliyev ABŞ Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə Bayden-Blinken administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərinin pisləşdiyini bildirmişdi. İlham Əliyev digər çıxışlarında isə Tramp administrasiyası dövründə bu münasibətlərin normallaşacağını və Azərbaycanın nə ABŞ mərkəzli Qərb blokuna, nə də Rusiya-Çin mərkəzli Şərq blokuna qərəzli yanaşdığını vurğulamışdı. Hazırda regionda və dünyada baş verən son hadisələri və onların Azərbaycan-Ermənistan məsələsinə təsur aktuallaşdırır.
Elə bu mövzuda Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovla söhbət etdik.
"Sherg.az" müsahibəni təqdim edir:
- Elmar bəy, Paşinyanın Davos İqtisadi Forumundakı açıqlamalarını necə dəyərləndirirsiniz?
- Görünür ki, onların ağılları başlarına gəlib (gülür). Ermənistanın iqtisadiyyatı ağır vəziyyətdədir və bu ölkənin iqtisadi sabitliyinin təmin olunması üçün bərpa prosesinə ehtiyacı var. Məlumdur ki, Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir. Bununla yanaşı, Qərblə münasibətlərini də nəzərə alsaq, İrəvan məcburən balanslaşdırılmış siyasət yürütməlidir. Çünki təkcə Qərbə bağlı qalmaq risklidir, Rusiyadan tamamilə uzaqlaşmaq isə onlar üçün ciddi problemlər yarada bilər. Ona görə də mövcud geosiyasi şəraitdə Ermənistanın bu istiqamətdə addımlar atması qaçılmazdır.
- Prezident İlham Əliyev bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirilib. Hazırda Azərbaycan ictimaiyyətində Tramp administrasiyasının hakimiyyətə gələcəyi təqdirdə bu münasibətlərin dəyişə biləcəyi barədə gözləntilər var. Siz bu barədə nə düşünürsünüz?
- Mənim fikrimcə, hər yeni hakimiyyətə müəyyən vaxt verilməlidir ki, onların fəaliyyətini real şəkildə qiymətləndirmək mümkün olsun. Trampın hansı kursu tutacağı ilə bağlı bir müddət keçdikdən sonra daha ciddi təhlillər aparmaq olar. Maraq doğuran məqamlardan biri odur ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın yeni dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Söhbət zamanı regional məsələlərdə koordinasiyalı hərəkət etməyin vacibliyi vurğulanıb. Hesab edirəm ki, bu kontekstdə Cənubi Qafqazdakı prosesləri də nəzərdən qaçırmaq olmaz. Lakin belə məsələlərdə tələskənliyə yol vermək olmaz, hadisələrin inkişafını diqqətlə izləmək lazımdır. Çünki proseslərin necə irəliləyəcəyi hələ tam aydın deyil və gözlənilməz dəyişikliklər baş verə bilər.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mirzoyanla görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə edərkən Rusiyanın "3+3" regional əməkdaşlıq platformasını perspektivli hesab etdiyini bildirib. Sizcə, bu format işlək mexanizmə çevrilə bilərmi?
- "3+3" formatı, şübhəsiz ki, regionda əməkdaşlıq üçün mühüm bir mexanizmdir və onun potensialı kifayət qədər böyükdür. Hazırda Gürcüstan bu formata qoşulmayıb, lakin gələcəkdə vəziyyət dəyişə bilər. Çünki regional əməkdaşlıq və iqtisadi inteqrasiya prosesləri davamlı şəkildə inkişaf edir və tərəflərin maraqlarına uyğun yeni situasiyalar yarana bilər. Bu baxımdan "3+3" platformasının daha aktiv işləməsi mümkündür. Bu formatın əsas üstünlüyü odur ki, region ölkələri birbaşa iştirak edərək problemləri müzakirə edir və həll yolları axtarır. Əgər bu mexanizm düzgün şəkildə işləsə, bölgədə sabitliyin möhkəmlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə töhfə verə bilər.
- Paşinyan dünən Ermənistanın Rusiya və Qərblə münasibətlərini balanslaşdıracağını bəyan edib. Bir çoxları bunu Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə əlaqələndirir. Bu barədə nə düşünürsünüz?
- Bəli, bu hadisələr bir-biri ilə əlaqəlidir. Hökumətlər öz addımlarını dünya siyasətindəki dəyişiklikləri nəzərə alaraq atır. Beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşıb ki, Tramp administrasiyası hakimiyyətə gələrsə, ABŞ daha çox daxili məsələlərə diqqət yetirəcək. Ancaq ABŞ dünya siyasətini tamamilə görməməzlikdən gələ bilməz.
- Bütün bu dəyişikliklər fonunda 2025-ci ildə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması real görünürmü?
- Mən dəfələrlə demişəm ki, burada əsas məsələ sülhün imzalanması deyil, onun şərtlərinə əməl edilməsidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var olduqca bu problem həllə qovuşmayacaq. Çünki hər dövlətin əsas qanunu onun konstitusiyasıdır. Paşinyan hökuməti bu gün var, sabah olmayacaq. Ümumiyyətlə, konstitusiya həmin ölkənin imzaladığı bütün beynəlxalq sənədlərdən üstündür. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar dəyişdirilməsə, sülh sazişi imzalansa belə, həmin saziş konstitusiyaya zidd olarsa, onun həyata keçirilməsi sual altına düşəcək.