«Xankəndi aeroportu da olacaq»

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək. Bu barədə “Haber Global”a müsahibəsində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib. “Füzulidəki hava limanı tamamlanmaq üzrədir. Bu yaxınlarda onun açılışı da keçiriləcək. Həmin açılışa prezidentimiz də qatılacaq”, - deyə İ.Kalın bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə “Sherg.az”a danışdı:

 “Füzuli hava limanı tikiləndə xeyli dostlar etiraz edirdilər ki, kimə və nəyə lazımdır? Halbuki, Azərbaycan təkcə Füzulidə deyil, Laçında və Zəngilanda da aeroport açmağa hazırlaşır. Bonus isə İATA kodu alacaq Xankəndi (Xocalı) aeroportu da olacaq. 

Ümumiyyətlə, hökumət hazırda heç bir mənasız və rentabelsiz layihəyə imza atmaz. Müqayisə üçün deyim ki, Ələt iqisadi zonası nə qədər strateji layihədirsə, aeroportlar da o qədər vacibdir. 

Bakıdan Füziliyə cəmi 30 dəqiqəyə uçursan və ya təchiz edirsən, eyni qaydalar Zəngilan, Laçın üçün də keçərlidirsə, sərhədə doğru dislokasiyanı rəqiblər günlərə sürən ağır kolonların hərəkəti ilə icra edəndə, biz maksimum bir saata bölgədə müdafiəmizi qurub gözləyəcəyik. 

Ərdoğanın Füzuli hava limanının açılışına gəlməyi o deməkdir ki, aeroportlar təkcə Bakıdan Füzuliyə sərnişin uçuşu üçün tikilmir, regional hərbi gücün adil təntənəsindən ötrü lazımdır və diqtə zamanı gərəyimiz olacaq”.

Kənan Novruzov