QHT bu mövzuda yazıçı və şairlərin iştirakı ilə geniş müzakirə aparıb
Vətəndaş Tribunası İctimai Birliyi “Qarabağ zəfərinin əsasları” adlanan layihənin icrasına başlayıb. Layihə çərçivəsində Bakıda və Naxçıvanda əhalinin müxtəlif təbəqələrini təmsil edən qruplarla görüşlər nəzərdə tutulub.
İlk görüş 22 avqust 2024-cü ildə Bakının Binəqədi rayonunda keçirilib. Əsasən yazıçı və şairlərin iştirak etdiyi tədbirdə “Qarabağ zəfəri müasir Azərbaycan ədəbiyyatında” mövzusu müzakirə edilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səfər Alışarlı Qarabağ zəfərinin əsasları və onların müasir Azərbaycan ədəbiyyatında inikası haqda danışıb.
S.Alışarlıtorpaqlarımızın 30 illik işğalına son qoymuş bu zəfərin siyasi, iqtisadi, hərbi və mənəvi əsasları haqqında danışaraq qeyd edib ki, Azərbaycan dövləti aparıcı beynəlxalq qurumların üzvü olaraq işğal faktını onilliklər ərzində dünya ictimaiyyətinə çatdırmağa nail oldu. Bununla bərabər ölkə iqtisadiyyatı və ən müasir silahlarla təchiz edilən Azərbaycan silahlı qüvvələri yenidən formalaşdırılmağa başladı. İşğalla bir an belə barışmayan, atəşkəs dönəmində də hər gün şəhidlər verən Azərbaycan xalqının birliyinə, əzmkarlığına fədakarlığına arxalanan Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və böyük sərkərdə bacarığı sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindətorpaqlarımızı düşmən tapdağından azad etdi. Zəfərin mənəvi əsasları haqqında danışan layihə rəhbəri S.Alışarlı bu faktorun milli-mənəvi dəyərlərimizə - qəhrəmanlıq dastanlarımıza, eləcə də müasir ədəbiyyatımıza sıx bağlı olduğunu vurğuladı. “Ədəbiyyatımız işğal illərində bir an belə Qarabağı unutmadı. Milli faciədən bəhs edən minlərlə yeni əsərlər yaradıldı, şairlərin sözlərinə vətənpərvərlik mahnıları bəstələndi, illər boyu ordumuzun döyüş hazırlığına xidmət edən görüşlər keçirildi. Nəticədə ölümün gözünə dik baxan Azərbaycan oğullarının canı, qanı bahasına bütün türk dünyası üçün mühüm olan bu cahanşümul zəfər əldə edildi”, - deyə layihə rəhbəri bildirdi.
Tədbirdə məruzə ilə çıxış edən professor İslam Sadıq müharibə mövzusunun “Koroğlu” və “Dədə Qorqud” eposlarında əks olunmasını müasir ədəbiyyatımız üçün örnək kimi göstərdi.O, yazıçılarımızın dastan, nağıl ənənələrinə ruhən bağlı olacağı halda böyük uğur qazanmasının mümkünlüyünü qeyd edərək, Koroğluya, onun apardığı mübarizəyə, Dədə Qorqud müdrikliyinə bəsit, primitiv,bəzən isə qərəzli yanaşmaları pislədi. Bir sıra düşmən qüvvələrin Azərbaycan cəmiyyətinin milli-mənəvi dayaqlarını sarsıtmağa yönəlik fəaliyyətinə toxunan məruzəçi qələm yoldaşlarını bu mübarizədə ayıq-sayıq və prinsipial olmağa səslədi.
Çıxış edən yazıçı və şairlər Arzu Nehrəmli, Şərif Ağayar, Həcər Paşayeva, Sadıq Qarayev, Nazim Əhmədli, Adilə Nəzər, Murad Köhnəqala, Nailə Əskər, Nazim Muradov, Şiringül Musayeva, Yusif Nəğməkar, FeyziyyəSoltanmurad, Şahsənəm, Mənsurə Qaçayqızı və başqaları Qarabağ zəfərinin müasir ədəbiyyatda yeri və inikası haqda öz fikirlərini bildirdilər.
Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş “Qarabağ zəfərinin əsasları” adlı kitabça, dəftərxana ləvazimatları paylanıb, çay-qəhvə, şirniyyat və meyvə verilib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.