İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış
“İlk növbədə yerli sakinlər işlə təmin edilməlidir”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günüdür. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, şanlı ordumuzun gücü, qüdrəti sayəsində doğma evlərinə qayıdan laçınlılar artıq hər il bu mübarək günü qürur və sevinc hissi ilə qeyd edəcəklər.
Bunu cənab Prezident Laçına əvvəlki səfərləri zamanı demişdi. Laçınlıları “Şəhər Günü” münasibətilə təbrik edən Prezident bildirmişdi ki, Laçında “Şəhər Günü” ilk dəfədir böyük təntənə ilə, böyük coşqu ilə keçirilir: “Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl mənim Sərəncamımla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunub, Şəhər günləri təsis edilib. Şəhər günləri şəhərlərimizin azad edilməsi günləridir. Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilib. İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən - 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başladı. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz”.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramının icrası nəticəsində indiyədək Laçın rayonuna ümumilikdə 979 ailə, yəni 3665 nəfər sakin köçürülüb. Laçın şəhərinə 614 ailə (2264 nəfər), Zabux kəndin 217 ailə (823 nəfər), Bəylik kəndinə 89 ailə (363 nəfər) və Sus kəndinə 59 ailə (215 nəfər) köçürülüb. "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın rayonunun bərpası və əhalinin köçürülməsi sürətlə davam etdirilir. Dövlət planlarına əsasən, 2026-cı ilin sonuna kimi Laçın rayonuna ümumilikdə 12 mindən çox insanın köçürülməsi və daimi məskunlaşdırılması nəzərdə tutulub. Növbəti mərhələlər üzrə əsas strateji hədəflər və planlara yeni yaşayış məntəqələrinin, infrastrukturun inşası daxildir. Hazırda məskunlaşma aparılmış Laçın şəhəri, Zabux, Sus və Bəylik kəndlərindən başqa, rayonda daha 4 yeni yaşayış məntəqəsinin inşası və bərpası planlaşdırılıb. Bunlar Qorçu, Şəlvə, Güləbird kəndləridir. Tikinti və kənd təsərrüfatı potensialının bərpası istiqamətində də layihələr icra olunur. Nazirlər Kabinetinin təsdiqlədiyi "Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"na əsasən, məsələn, təkcə Laçın şəhəri üzrə əhalisinin 18 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə əhalinin rahatlığı üçün 15 təhsil müəssisəsi və müasir xəstəxana kompleksinin qurulması planlaşdırılır.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bildirdi ki, Qarabağın azad olunması dövlətimiz və şanlı ordumuzun simasında xalqımız üçün bir nömrəli, ən vacib məsələ idisə, indi əsas işimiz bərpa və quruculuq işlərini gücləndirmək, qısa zamanda tam məskunlaşmaya nail olmaqdır. Bunun üçün də qarşımızda əsas problemlərdən biri – məşğulluğun təmin edilməsi dayanır:
- Sevindirici haldır ki, Laçın Şəhəri Günü təntənə ilə qeyd edilir. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçirilib. Bayram tədbirlərində doğma yurda qayıdan laçın sakinləri, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak ediblər. Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb. Şəhər Günü münasibətilə gün ərzində Laçının müxtəlif məkanlarında uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar da təşkil edilir. Məlumdur ki, otuz ilə yaxın dövrdə Laçın da, Qarabağ və digər ətraf bölgələrimiz kimi erməni vandalizminə məruz qaldı. Amma torpaqlarımız işğaldan azad edildi və indi yeni dövr başlayıb. İşğaldan azad olunmuş ərazilərin inkişafını daim diqqətdə saxlayan Prezident İlham Əliyev Qarabağa tez-tez səfər edir, tikinti, quruculuq işləri ilə şəxsən tanış olur, tövsiyə və tapşırıqlarını verir. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Çünki əhalinin məşğulluğunun təmin edilməsi prioritetdir. Kənd təsərrüfatı, heyvandarlığın inkişafına önəm verilməlidir. Məlumatlra görə, Laçında ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.
V.Tofiqli qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirləri həyata keçirməsi təqdirəlayiqdir:
- Nazirliyin məlumatına əsasən Laçın rayonuna köçürülmüş sakinlərdən artıq 1235 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 1180 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 86 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb), 55 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. “Böyük Qayıdış” Dövlət Proqramında sakinlərin məşğulluğunun təmin edilməsi mühüm strateji hədəf olaraq müəyyən edilib. Dövlət Proqramına əsasən köçürülən əhalinin peşə profilləri və bacarıqları əvvəlcədən təhlil edilməli, onların əmək qabiliyyətinə uyğun olaraq məşğulluq potensialı qiymətləndirilməlidir. Azad olunmuş şəhər və kəndlərdə fəaliyyətə başlayan dövlət qurumları, eləcə də podratçı şirkətlər vakant iş yerlərinə ilk növbədə yerli sakinləri cəlb etməlidir. Əmək yarmarkaları keçirilməli və sakinlərə iş təklifləri edilməlidir. Özünüməşğulluq proqramları və ailə təsərrüfatlarının qurulmasına dəstək verilməlidir.