Ermənistan üçün Aİİ-də yer almamaq onun üçün iqtisadi çöküş deməkdir -AKTUAL

Avrasiya İqtisadi İttifaqından çıxmaq hazırda Ermənistan hökumətinin gündəmində deyil. Bunu adıçəkilən ölkənin iqtisadiyyat naziri Gevork Papoyan deyib
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına qoşulmasına dair qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirildiyini açıqlayıb.

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a qeyd edib ki, Avrasiya İqtisadi İttifaqında yer alan Ermənistan Avropa Birliyinə üzv olması mümkün deyil:

“Çünki hər iki ittifaq eyni prinsiplərlə işləyirlər. Bu baxımdan bir iqtisadi ittifaqda olan ölkənin digərində yer alması qeyri-mümkündür. Sadəcə olaraq Ermənistan indiki məqamda Avropaya inteqrasiya məsələsini daha da rəsmiləşdirərək bir növ qarşıdakı dövrdə özünə dəstək əldə etməyə çalışır. Digər tərəfdən Ermənistan Rusiya ittifaqlarında yer alsa da, rəsmi Moskvayla münabətləri yaxşı deyil və buna səbəb Nikol Paşinyanın antirusiya siyasətidir. Ermənistan anlayır ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra Qərbdə ona verilən dəstək Amerika və Avropa İttifaqı olaraq haçalanacaq. Proqnozlar göstərir ki, Donald Tramp Cənubi Qafqazda daha çox Azərbaycanla işləməkdə maraqlıdır. Bu isə Qərbdə Ermənistana verilən dəstəyin zəifləməsi deməkdir. Əgər Donald Tramp Bayden administrasiyasından fərqli siyasət yürütsə, bu Ermənistanınnın hərbi və siyasi baxımdan zəifləməsiylə nəticələcək. Digər tərəfdən isə Donald Tramp və Vladimir Putin razılaşsa, Rusiyanın Cənubi Qafqaz daxil olmaqla Müstəqil Dövlətlər Birliyindəki mövqeyi güclənə bilər. Sözügedən proses də antirusiya siyasəti aparan Paşinyan hakimiyyətinə ciddi risqlər vəd edir. Görünən odur ki, Paşinyan hakimiyyəti bu gözləntilər fonunda Avropa Birliyinə üzvlük məsələsini rəsmiləşdirərək ittifaqa daxil olan dövlətlərdən dəstək almağa və Rusiyaya qarşı alternativlərini gücləndirməyə çalışır. Lakin nəticə etibarilə Ermənistan Avropa Birliyinə üzv olmaq üçün Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Bu prosesin özü də Ermənistana iqtisadi baxımdan zərər verə bilər. Ümumuiyyətlə Ermənistan üçün əsas  iqtisadi bazar Avrasiya İqtisadi İttifaqıdır. Yəni Ermənistan üçün Aİİ-də yer almamaq onun üçün  iqtisadi çöküş deməkdir. Eyni zamanda Avrasiya İqtisadi İttifaqına müşahidəçi üzv qismində İran da qoşulub. Bu mənada Ermənistanın ittifaqdan çıxmaq cəhdi İranla münasibətlərinə də mənfi təsir göstərə bilər. Regionda Ermənistanı dəstəkləyən yeganə ölkə İrandır”.