Erməni iranşünas Vardan Oskanyan deyib ki, İran PKK-nın Suriyadakı qanadına 1500 kamikadze dron göndərməyi planlayıb:
"Məqsəd onların Suriyanın şimal-şərqində Türkiyə dəstəkli qüvvələrlə döyüşməsini təmin etməkdir. Rəsmi Tehran kürdlər vasitəsilə Suriyada yenidən hərəkətə keçib. Artıq 1500 dronun verilməsi ilə bağlı razılığa gəlinib, lakin bu baş tutmayıb. Əgər xəbər doğrudursa, o zaman Suriyada çoxdandır danışdığımız anti-Türkiyə məzmunlu kürd-İran əməkdaşlığı açıq şəkidə müşahidə edilir deməkdir. Bəşər Əsəddən sonra ərazidə faktiki məsuliyyət Ankaranın üzərinə düşdü, Türkiyə prosesin dərinliklərinə irəliləyir. İranın HƏMAS və “Hizbullah” kimi proksilərinin son zamanlarda çətin vəziyyətə düşməsindən sonra Suriyada itirdiyi gücünü PKK vasitəsilə əldə etməyə çalışdığı iddia olunur".
Qeyd edək ki, Türkiyənin “Yeni Şafak” qəzeti İranın PKK-ya 1500 kamikadze dron göndərməsi ilə bağlı tərəflər arasında razılığın əldə olunduğunu yazıb. Lakin Ankaranın dronların təhvili prosesinə mane olduğu bildirilir. Məlumata görə, sözügedən razılaşma İraqda keçirilən gizli toplantıda baş tutub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Elşad Həsənov bildirib ki, İran hazırda Suriyada qalmaq və oradakı maraqlarını qorumaq istəyir:
"Rəsmi Tehran bunun üçün PKK/YPG kimi qruplara dəstək verməkdən belə çəkinmir. İran vəziyyətin nə qədər həssas olduğunu anlayır və buna görə də mümkün qədər tədbirlər görərək Türkiyəyə qarşı müəyyən təxribatlar törətməyə çalışır. Suriyanın hazırkı rəhbərliyi isə İranın təsirini qəbul etmir və Türkiyəyə daha yaxın siyasət yürütməyə çalışır. İranın Suriyada illərdir yaratdığı ziyanlar yeni hakimiyyət tərəfindən ciddi şəkildə tənqid edilir. Bu vəziyyətdə İran qüvvələrinin Suriyada qalması artıq istənilmir. Hazırda Suriyada əsas söz sahibi Türkiyədir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp yanvarın 27-də bəyan etmişdi ki, Amerika qüvvələri Suriyadan çıxarılmalıdır, çünki ABŞ-ın bölgədə qalmasının mənası yoxdur. Xatırlayaq ki, Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirmiş və onun bölgədəki müdrik addımlarını vurğulamışdı".
Ekspert əlavə edib ki, İran və Rusiyanın Suriyada mövqeləri zəifləyib:
"Hər iki ölkə bölgədə ciddi təsir gücünü itirib və hazırkı reallıqlar göstərir ki, onların "oyunu artıq bitib". İranın PKK vasitəsilə Türkiyəyə qarşı hər hansı təsir göstərməsi də mümkün deyil. Türkiyə qüvvələri Suriyada kifayət qədər güclü mövqelərə sahibdir və Ankara bu məsələlərə çox ciddi reaksiya verir. Yaxın gələcəkdə Türkiyənin tələbi ilə PKK/YPG qüvvələrinin həmin ərazilərdən çıxarılması və silahlarının təhvil verilməsi gözlənilir. Əks halda, Türkiyə və Suriya qüvvələri bu qrupları tamamilə zərərsizləşdirəcək".
Elşad Həsənov sonda bildirib ki, Oskanyanın açıqlamasının təxribat xarakterli olması da mümkündür:
"Bu açıqlama, Türkiyə ilə İran arasındakı münasibətləri daha da gərginləşdirmək məqsədi daşıya bilər. Ermənilər hər zaman bu cür siyasət yürüdərək qonşularına qarşı düşmən münasibət nümayiş etdiriblər. Ümumilikdə, hazırkı reallıqlar göstərir ki, Suriyanın gələcəyi Türkiyənin təsiri altında formalaşacaq və İranla Rusiyanın bu bölgədəki təsiri tamamilə azalacaq".