Məsud Pezeşkian da Azərbaycan türkü olaraq millətimizi təmsil edir
Azərbaycan və İran xalqları arasında münasibətlər minilliklərə söykənən dərin dostluqlara əsaslanır.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian Bakıya səfəri ərəfəsində İranla Azərbaycan arasında ümumi məsələlər üzrə yekun koordinasiya və icmal iclasında bildirib.
Pezeşkian İran və Azərbaycan arasında qədim tarix, mədəni və dini ortaq dəyərləri vurğulayıb: “Sərhədin hər iki tərəfindəki xalqların minillikləri əhatə edən dərin maraq və dostluqlara əsaslanan geniş qarşılıqlı maraqları var”.
O, iki ölkə arasındakı münasibətlərdə mövcud olan bəzi anlaşılmazlıqların və problemlərin həlli istiqamətində irəli sürülən fikirlərə də toxunub: “İki ölkə və iki xalq arasında qarşılıqlı əlaqələrin sahələri və imkanları çox geniş, dərin və rəngarəngdir. Onlar arasında mövcud münasibətlərin bərpası prosesinin davam etməsi ilə biz bu inkişafın qısa müddətdə və ciddi şəkildə yaxşılaşdığının şahidi olacağıq”.
İran Prezidenti eyni zamanda, səfərinin iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid etdiyini bildirib: “Aparılan məsləhətləşmələr və görülən hazırlıq işləri nəzərə alınmaqla, bu səfər hökumət, özəl sektor və dövlət sektorları arasında iqtisadi, ticarət, mədəniyyət, turizm və siyasi sahələrdə əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək”.
Politoloq Əli Zülfüqaroğlu Sherg.az-a deyib ki, İranla Azərbaycan arasında tarixi əlaqələr mövcuddur:
"İranda 40 milyon Azərbaycan türkü yaşayır. Pezeşkian da Azərbaycan türkü olaraq millətimizi təmsil edir. İran Prezidenti iki ölkə arasındakı münasibətlərin müsbət istiqamətdə inkişafında maraqlıdır. Onun Azərbaycana səfəri yalnız yüksək səviyyədə xarakterizə edilməlidir. Bu, Azərbaycan və İran arasındakı əlaqələrin inkişafında yeni mərhələ ola bilər. Digər tərəfdən İranın xarici siyasəti ilə bağlı müxtəlif istiqamətlər var. Məhz SEPAH mühafizəkar siyasətin davam etməsində, o cümlədən bir sıra ölkələrlə, xüsusilə Azərbaycanla kəskin münasibətlərin davamında maraqlı tərəfdir. Lakin son dönəmlərdə, əsasən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın getdikcə daha da güclənməsi, dayaqlarını möhkəmləndirməsi, qalib dövlət olaraq regionda geosiyasi reallıqları tamamilə dəyişməsi onu deməyə əsas verir ki, Azərbaycana qarşı ənənəvi siyasəti yalnız İranın özünə mənfi nəticələr doğura bilər. Yəni İranın təzyiq xarakterli addımları onun üçün bumeranq effekti verəcək. Eyni zamanda Pezeşkian bütün bunları dəyişmək üçün müxtəlif təşəbbüslər göstərir. O, ABŞ-la İran arasında münasibətlərin normallaşmasına, müxtəlif kompromislərə getməyə çalışır. Bu isə SEPAH-ın maraqlarına toxunur. İranda ciddi islahatların həyata keçirilməsi o deməkdir ki, SEPAH-ın hakimiyyətindəki mövqeləri zəifləyəcək. Bu qurumun yanaşması Tehranın beynəlxalq mövqelərinin zəifləməsinə, geosiyasi dayaqların sarsılmasına və Yaxın Şərqdə sıradan çıxarılmasına səbəb olub. Pezeşkian isə bunu çox gözəl başa düşür".
Politoloqun sözlərinə görə, İran Prezidentinin fikirləri mütərəqqi ideyalara əsaslanır:
"Onun siyasəti və islahatları reallaşarsa, İran üçün də müsbət nəticələrin əldə olunmasına gətirib çıxara bilər. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı İranın qeyri-adekvat düşüncəsi, ölkəmizin maraqlarına qarşı çıxış etməsi Bakı və Tehran arasındakı münasibətlərin inkişafının qarşısını alır. Pezeşkian da bütün bunların fərqindədir. O, çalışacaq ki, əlaqələrin normallaşmasına nail olsun. İran üçün də ən doğru yanaşma bundan ibarətdir".