İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə hərbi ittifaqın formalaşdırılmasını nəzərdə tutmur. Sənəd müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafına yönəlib.
Bu barədə İranın xarici işlər naziri Abbas Arakçı bəyan edib.
“Bu, kompleks və hərtərəfli bir müqavilədir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edir, xüsusilə iqtisadiyyat və ticarətə xüsusi diqqət yetirilir. Müqavilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur, lakin hərbi ittifaq yaratmaq məqsədini güdmür”, - deyə İranlı diplomat bildirib.
Onun sözlərinə görə, müqavilə üçüncü ölkələrə qarşı yönəlməyib və Rusiya ilə İranı heç bir şəkildə məhdudlaşdırmır.
Xatırladaq ki, daha əvvəl Kremlin məlumatına əsasən, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian 17 yanvar tarixində danışıqlardan sonra hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacaqlar.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "Sherg.az"a deyib ki, Rusiya və İran illərdir hazırlanmaqda olan tərəfdaşlıq müqaviləsini imzaladı. Bu, İranın başqa ölkə ilə hərtərəfli və uzunmüddətli müqaviləsi kimi ilk deyil:
"2021-ci ildə İran və Çin bir çox sektorları əhatə edən 25 illik müqavilə imzalayıb. Rusiya prezidenti Vladimir Putin isə ötən ilin iyununda Şimali Koreya lideri Kim Çen İnlə oxşar saziş imzalamışdı və sazişə əsasən hər iki tərəf təcavüz halında bir-birinə hərbi dəstək verməyə razılaşmışdı. İranla imzalanan sənədin anonsunu isə ötən ilin oktyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov vermişdi. Sənədin adı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilədir. Adından da məlum olduğu kimi Moskva və Tehran arasında bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan, o cümlədən ticarət, investisiya, nəqliyyat, logistika, humanitar sahələr, regional və beynəlxalq gündəmdəki aktual məsələləri də əhatə etməklə çoxşaxəli və olduqca mühüm sənəddir. Hadisələrin mövcud inkişaf şəraitində və hətta gözlənilməz ssenarisində belə sənədin əhəmiyyəti daha da artır. Şübhəsiz ki, sənəd özü ilə hərbi və siyasi tərəfdaşlıq istiqamətində artım və inkişafı hədəfləyir. İranın Moskvadakı səfiri bildirir ki, hərtərəfli pakt növbəti 20 il ərzində iki ölkə arasında münasibətləri idarə edəcək".
Politoloq əlavə edib ki, İran Rusiya əlaqələri 2022-ci ilin fevralından sanki yeni bir nəfəs qazandı:
"Bu, İranın Rusiyanı Ukraynada mülki infrastruktur və elektrik stansiyalarını hədəfə almaq üçün istifadə edilən Şahid pilotsuz təyyarələrlə təmin etməsi ilə başladı.
Ermənistana xüsusi sərhəd mühafizə qrupunun göndərilməsini də əlavə etməklə ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığıa dair saziş də gizlənir, inkar edilir. Eynilə, zamanında İran və Çin arasında imzalananan sövdələşmələri rəsmilər sadəcə bir yol xəritəsi adlandırsalar da, orada təfərrüatlı razılaşmaların olmadığını açıqlasalar da, görünür, yeni dünya nizamı yeni görkəm almaqla qalmayıb, gizli sövdələşmələrlə də müşahidə olunur. Beynəlxalq düzəndə müşahidə olunan bulanıqlıq, hələ tam oturmayan sistem daxili siyasətə, cəmiyyətlərə də təsirsiz ötüşmür. Belə ki, İranda Rusiya ilə müqavilənin müddəaları ilə bağlı ictimai narahatlıqlar da var. Bu əhval-ruhiyyənin kökü isə tarixi hadisələrlə, o cümlədən 19-cu əsrin əvvəllərində İranın Rusiyaya güzəştə getməyə məcbur qalması ilə bağlıdır. Rusiya və İran olmaqla hər iki ölkə həyati əhəmiyyət kəsb edən enerji sənayelərinə məhdudiyyətlər də daxil olmaqla ağır Qərb sanksiyaları altındadır.
Suriyadakı son hadisələrdən, xüsusən də Suriyadakı müttəfiqi Bəşər Əsədi devirən üsyançıların hücumu zamanı Rusiyanın hərəkətlərini tənqid edən iranlı komandirin səs yazısının sızmasından sonra bunun Tehran və Moskva arasında münasibətlərə təsir edəcəyi ilə bağlı qorxular da var idi. Hadisələrin inkişafı isə bunu xırda detal kimi arada itirdi. Hətta bəzi fikir ayrılıqları belə iki ölkə arasında daha çox əməkdaşlığa mane olmadı və imzalanan sənəd onun sübutudur".
Şəbnəm Həsənovanın sözlərinə görə, istənilən situasiyada Azərbaycanı maraqlandıran məsələlərə fokus olmalıyıq:
"Hadisələrin gedişatı, rəsmi açıqlamalar, ən son məlumat kimi cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin açılacağı ilə bağlı bir daha göstərmiş olduğu konkret mövqe, Lavrovun ən son açıqlamaları ondan xəbər verir ki, Şimal-Cənub marşrutu üzrə məsələlər daha aktuallaşmalıdır. Bu istiqamətdə Zəngəzur dəhlizinin açılması digər nəqliyyat əlaqələri kimi həm də Rusiyanın prioritet məsələləri içərisindədir. Düşünürəm ki, İranın dəhlizə qarşı çıxmasını, maneələr törətməsini Rusiya balanslaşdıracaq. Azərbaycan lideri dividendli mövqelər müəyyənləşdirməkdə davam edir".