Avropa Birliyinin və ya hər hansı bir AB ölkəsinin Ermənistanı nəyinsə müqabilində nəyəsə vadar etməsi ilə bağlı bəyanatlar Rusiyanın uydurduğu hekayədir. Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda Baltikyanı və Şimali Avropa ölkələrinin parlament rəhbərlərinin iştirakı ilə “Sülh və demokratiya naminə birlikdə” mövzusunda panel müzakirəsindən sonra keçirilən brifinqdə deyib. O bildirib ki, Ermənistan öz seçimini edir. Biz AB-nin bizə təklif edə biləcəyindən kənara çıxmışıq. Heç bir Aİ ölkəsi heç bir ölkə ilə əlaqələri kəsmək üçün şərt qoymayıb. Əksinə, bəzi Aİ ölkələri bizi bir çox addımlar atmaqdan çəkindirməyə çalışdı. Bəli, biz iqtisadi cəhətdən Rusiyadan asılıyıq. Zamanı gələndə biz bütün tərəfdaşlarımızla müzakirə edəcəyik və hansı qərarların verilə biləcəyini anlayacağıq. Eyni zamanda, biz bütün sahələrdə şaxələndirmə ilə məşğul oluruq və heç bir ölkədən asılı olmamaq üçün bu prosesi davam etdirəcəyik.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, Ermənistan sözün əsl mənasında “odla oynayır”:
"Təbii ki, son illərdə yürüdülən siyasət davam edərsə, Rusiya gec-tez onu yandıracaq. Sadəcə hələ ki, əsas diqqətlər Ukrayna cəbhəsinə yönəlib. Simonyan elə danışır ki, sanki ölkəsi Rusiyanın forpostu deyil, ərazilərində 102-ci rus hərbi bazası yerləşmir. Ermənistan daim kənar güclərin diktəsi ilə hərəkət edib, siyasət yürüdüb. Paşinyana qədər Simonyan tam şəkildə Rusiyanın qucağında idi, indi çalışır ki, mövqeyini dəyişsin. Bir sözlə qucaqdan qucağa tullanır”.
Ekspert qeyd edib ki, ermənilər daim ağa axtarışında olublar:
“Fransa bunların “böyük bacısı" və Avropanın əsas ölkəsidir. İndi Fransa Ermənistanı nəyəsə vadar edə bilməz ki? Əlbəttə edər. Günlər öncə Ermənistan Amerika ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Görünən odur ki, ermənilər bundan ümidləniblər. Onlar unutmasınlar ki, bu sənəd kağız parçasından başqa bir şey deyil. Sadəcə Bayden administrasiyasının Ağ Evi tərk etməsinə bir həftə qalırdı və tələm-tələsik belə bir müqaviləyə imza atdılar. Baydenin də ermənipərəst olması heç kəsə sirr deyil. Ən azından Azərbaycan əleyhinə 907-ci düzəlişin həmmüəlliflərindən biridir. Amma indi artıq ,o, iqtidarda deyil. Trampın əvvəlki hakimiyyəti dövründə isə məlumdur ki, Azərbaycan işğal altında olan ərazilərini azad etdi. Bu faktı erməni tərəfi qulağında sırqa etməlidir”.
C.Abbaslı Simonyanın Ermənistan öz seçimini edir fikrinə də münasibət bildirib:
“Adama deyərlər ki, siz ölkə olaraq, müstəqil şəkildə seçim etmək iqtidarındasınız? Bir də gülünc bir fikir də səsləndirir ki, guya Avropa Birliyi ölkələri bunları bəzi addımlar atmaqdan çəkindiriblər. Ortada sual yaranır ki, hansı addımları atacaqdınız? Rusiyaya müharibə elan edəcəkdiniz? Rusiyadan iqtisadi cəhətdən asılı olduqlarını etiraf edir, ardınca da tərəfdaşları ilə müzakirələrdən sonra hansı qərarı verə biləcəklərini qeyd edir. Simonyana daha bir sual. Rusiya ilə iqtisadi əlaqələrə son qoyacaqsınız? Hansı güclə və ya ağılla? Heç bir ölkədən asılı olmamaq üçün bu prosesi davam etdirəcəklərini deyir. Hansı sərvətlə və güclə? Borc içində itib-batan ölkə asılılıqdan qurtulacağı barədə nağıllar danışır. Ermənistan heç zaman müstəqil siyasət yürüdə bilməyəcək və digər güclərin nəzarətindən çıxa bilməyəcək. Yeganə yolları Azərbaycan və Türkiyəyə qarşı irəli sürdükləri ərazi iddialarından imtina etmələridir. Əks təqdirdə itirməyə davam edəcəklər. Qardaş Türkiyə də sərhədlərini heç zaman açmayacaq. Bunu qətiyyən unutmasınlar”.