İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

İstanbul Prokurorluğu tərəfindən şəhərin böyükşəhər və rayon bələdiyyələri ilə bağlı başlatdığı iki istintaq işi davam edir.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və rayon bələdiyyələrinin sədrləri də daxil olmaqla 88 nəfərin ifadələri alınır. Bu gün İBB sədri ikinci dəfə ifadə verib. İttihamlar arasında PKK/KCK terror təşkilatına maddi dəstək vermək, saxta yollarla dövlət vəsaitinin mənimsənilməsi, şəhərdə keçirilən tenderlərə müdaxilə, xüsusi cihazlarla İstanbulun bütün əhalisinin təqibə alınması, rüşvət kimi maddələr də var.

İstintaqla bağlı Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl əhalini bələdiyyə binasının qarşısına gələrək qanunsuz mitinq və aksiya keçirməyə çağırıb. Bunun ardından artıq bir neçə gündür şəhərdə bir sıra təxribatlar törədən CHP-lilər polis əməkdaşlarına daş, butulka kimi vasitələrlə hücumlar edib, pəncərələri sındıraraq bələdiyyə binasına daxil olublar. Bu hadisələr zamanı bir çox polis əməkdaşı yaralanıb, 100-ə yaxın təxribatçı saxlanılıb.

Hadisələrlə bağlı danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədrinin tərəfdaşlarını çağırdığı yolun dalan olduğunu deyib. O, insanları bələdiyyələri talan edən qarətçilərin deyil, ətraflarındakı ağıl və vicdan sahiblərinin səsinə qulaq asmağa və məsuliyyətli davranmağa çağırıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə açıqlamasında “Etdikləri çağırışlarla küçələri terror yerinə döndərməyə çalışanlar əsla əməllərinə çata bilməyəcəklər” ifadələrinə yer verib.

Son hadisələrdən sonra CHP fövqəladə qurultay keçirməklə bağlı qərar qəbul edib.