İran və Ermənistanın Norduz sərhədində birgə hərbi manevr keçirməsi İranın öz sərhədlərini müdafiə etməkdə ciddiliyini nümayiş etdirir. Bunu anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Müvəhhedian Ermənistan-İran hərbi təlimləri haqda deyib. Onun sözlərinə görə, İran öz qırmızı xətlərini müdafiə etməkdə, yəni Cənubi Qafqazda İran-Ermənistan sərhədini saxlamaqda kifayət qədər ciddidir: “İsrail və Britaniya Zəngəzur dəhlizini açmaq üçün İran-Ermənistan sərhədini kəsmək fikrindədir. İrana qonşu olan bəzi dövlətlər İranla Ermənistan arasında sərhədi kəsməyə çalışır və ya bu barədə düşünürlərsə, Tehran buna imkan verməyəcək”. Siyasi şərhçi Akop Badalyan da bu təlimlərin bir çox baxımdan əhəmiyyətli olduğunu düşünür. Onun fikrincə, əsas məqam Azərbaycanla sərhəddə nisbi sabitliyin qorunmasıdır: "İranın təhlükəsizlik risklərinin idarə olunması mozaikasındakı rolu unikal hesab oluna bilər. Çünki İranın maraqları spektri Ermənistanın maraqları ilə ən çox üst-üstə düşənidir. Üstəlik, yerli vəziyyətə nəzər salsaq, İran potensial əməkdaşlıq baxımından daha yaxın və daha əlçatandır". Badalyan hesab edir ki, bu təlimlərin keçirilməsi müdafiə sahəsində gələcək dərin əməkdaşlığın təməlini qoya bilər: "Lakin hərbi-texniki yardım məsələsi ilə bağlı nəticə çıxarmağa tələsmək lazım deyil. Əməkdaşlığın koordinasiyalı şəkildə qurulması üçün mexanizmlərin hazırlanması silah tədarükündən asılı olmayaraq kifayət qədər vacibdir". Analitik onu da vurğulayıb ki, İran Ermənistan üçün silah tədarükü logistikası baxımından da mühüm tərəfdaşdır. O xatırladıb ki, Ermənistana Hindistandan alınmış silahların daşınması üçün başqa bir yol yoxdur: "Ermənistan və İranın “Zəngəzur dəhlizi”nin qarşısının alınması məsələsində ortaq maraqları var. Ermənistan bu məsələdə İranın əsas tərəfdaşlarından birinə çevrilmək üçün Tehranla intensiv işləməlidir. Sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü məsələlərində sabitliyin və vəziyyətə nəzarətin təmin olunması üçün İranla birlikdə hərəkət etməlidir". Badalyan xatırladır ki, Rusiya Ermənistan ərazisindən keçən yolları nəzarətə götürmək istəyir: "İran isə bu yolların nə Türkiyənin, nə Azərbaycanın, nə də Qərbin nəzarətində olmasının əleyhinədir. Eyni zamanda, o qeyd edir ki, ABŞ-nin strateji maraqları və prioritetləri dəyişir. Buna görə də, o hesab edir ki, hələlik nəticə çıxarmağa tələsmək olmaz. Vaşinqton və Moskva arasındakı danışıqların bitməsini gözləmək daha məqsədəuyğundur. Əsas məsələ bu danışıqlarda Cənubi Qafqazdan keçən yolların gündəmə gəlib-gəlməyəcəyini anlamaqdır".
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, İranın Ermənistanla birgə hərbi təlimlər keçirməsi hələ də gündəmin müzakirə mövzularından biridir. Ekspertə görə, SEPAH-ın Quru Qoşunları komandanının müavini Vəliulla Mədəni İran və Ermənistan arasında sərhədyanı bölgədə keçirilən hərbi təlimlərin təhlükəsiz olduğunu, "ərazi bütövlüyünü qorumaq" məqsədi güddüyünü bildirsə də, həqiqətdə bu təlimin ilk növbədə Azərbaycana qarşı yönəldiyi gün kimi aydındır:
"Bu həqiqəti dünya mediası, elə ermənilərin özləri də təsdiqləyir. ABŞ-nin uzunmüddətli münaqişə və müharibələri araşdıran hərbi jurnalı "Long War Journal"ın məlumatında İran-Ermənistan birgə hərbi təliminin Azərbaycana qarşı nəzərdə tutulduğu qeyd olunub. Ermənistanın hərbi eksperti Karen Hovhannisyan isə İran-Ermənistan arasındakı sözügedən hərbi təlimlərin Azərbaycana ünvanlanmış çox mühüm mesaj olduğunu vurğulayıb. Bu da bir daha onu göstərir ki, fars-molla rejimi Azərbaycan-Ermənistan gərginliyində İrəvanı dəstəkləməyə davam edir. Bu mənada, SEPAH rəsmisinin İran ordusunun ermənilərlə birgə keçirdiyi hərbi təlimlərin bölgədə sülhə və təhlükəsizliyə xidmət etdiyini iddia etməsi tamamilə absurddur. Bu hərbi təlimlərin İran zabitinin xaçpərəst erməni əsgərlərinə xitabən, "Ya Fatimeyi-Zəhra" deyə mikrofonda şüar səsləndirməsi ilə başlanması isə özünə "İslam Cümhuriyyəti" deyən dövlət və onun yetkililəri üçün əsl rüsvayçılıqdır. Bununla da, İranın bütün maskaları yırtıldı. İranın apardığı bu çirkin erməni yönlü siyasət təkcə Azərbaycana qarşı yox, əslində, bütün müsəlman dünyasına qarşı yönəlib. Görünən budur ki, molla rejimi üçün heç bir müqəddəs dəyər yoxdur".