Ermənistanda doğum səviyyəsi azalmağa davam edir

Ermənistanda 2025-ci ildə 32 042 uşaq dünyaya gəlib. Bu göstərici 2024-cü ildə 33 593, 2023-cü ildə isə 36 590 olub.

Sherg.az xəbər verir ki, Ermənistan Dövlət İqtisad Universitetinin İdarəetmə fakültəsinin dekanı Manuk Movsisyan Sputnik Ermənistan-a açıqlamasında bildirib ki, doğum səviyyəsinin azalmasının əsas səbəblərindən biri reproduktiv yaşa 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində doğulmuş, sayca az olan nəslin çatmasıdır. Onun sözlərinə görə, ölkədə ümumi doğum əmsalı hazırda 1,68–1,70 təşkil edir ki, bu da əhalinin sadə təkrar istehsalı üçün zəruri hesab edilən 2,15–2,20 göstəricisindən xeyli aşağıdır.

Ekspert hesab edir ki, doğum səviyyəsinin artırılması üçün təkcə sosial dəstək proqramları kifayət etmir. O vurğulayıb ki, cəmiyyətdə düşüncə tərzinin dəyişməsi də vacibdir. Movsisyanın sözlərinə görə, bu gün bir çox ailədə karyera və maddi rifah prioritet hesab olunduğundan, adətən bir və ya iki uşaqla kifayətlənilir.

Xatırladaq ki, Ermənistan hökuməti 2050-ci ilədək ölkə əhalisinin sayını 5 milyona çatdırmağı hədəfləyən demoqrafik strategiya həyata keçirir.