
Hasan Oktay: Tel-Əviv qeyri-sabit Suriyanın təhlükəsizlik zəmanəti olmadığını anlayıb
13:01 20.08.2025
Region
480
İsrail və Suriya arasındakı görüşlər Türkiyənin Suriya siyasətinin daha real və zəruri olduğunu da ortaya qoydu
Suriya və İsrail nümayəndə heyətləri arasında Parisdə keçirilən danışıqlarda tərəflərin Suriyanın Əs-Süveyda əyalətində gərginliyin azaldılması üçün birgə səylərə sadiqliyi təsdiqlənib.
Bunu “Al Ikhbariya” telekanalına ABŞ-nin vasitəçiliyi ilə avqustun 19-da Fransa paytaxtında İsrail tərəfi ilə aparılan danışıqları şərh edən Suriya rəsmisi bildirib.
“Suriyanın cənubundakı vəziyyətin deeskalasiyası səyləri çərçivəsində xarici işlər və mühacirlər naziri Əsəd Şibani Parisdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə görüş keçirib. Tərəflər Suriyanın ərazi bütövlüyünə sadiq olduqlarını və onun bölünməsinə yönəlmiş hər hansı layihədən imtina etdiklərini təsdiqləyiblər”, - rəsmi qeyd edib.
Mənbənin sözlərinə görə, Suriyanın cənubundakı humanitar vəziyyəti müzakirə edərkən Şibani və Dermer çətin həyat şəraitini yüngülləşdirmək üçün Seveyda sakinlərinə və yerli bədəvilərə yardım axınını artırmağa razılaşıblar.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra təhlükəsizlik siqnalını ən yüksək həddə qaldırdı:

"Həmçinin ətrafında baş verən bütün hadisələrə qarşı son dərəcə şübhəli yanaşmağa başladı. Qəzzaya qarşı həyata keçirdiyi hücumlar, HƏMAS-a qarşı apardığı əməliyyatlar əslində İranın Yaxın Şərqdə apardığı bütün vasitəçi münaqişə strukturlarına qarşı müharibəyə çevrildi. İsrail xüsusilə Əsəd dönəmindən sonrakı Suriyadakı prosesləri də öz təhlükəsizlik narahatlıqları prizmasından qiymətləndirdi. Bu səbəbdən də Suriyada güclü bir hakimiyyətin İsrailin təhlükəsizliyinə təhdid ola biləcəyi mövqeyini irəli sürdü və druz icması üzərindən mənasız bir əməliyyat həyata keçirdi. Bu isə həm Suriyanı çıxılmaz bataqlığa sürüklədi, həm də İsrailin siyasətlərinin yanlış olduğu qənaətini ortaya çıxardı.
Lakin İsrail başa düşdü ki, qeyri-sabit Suriya onun təhlükəsizliyi üçün zəmanət deyil, əksinə, böyük bir təhdiddir. Bu reallığı dərk etdikdən sonra İsraillə suriyalı rəsmilər arasında görüş trafiki başladı. Yəni İsrail məcburən Suriya mövzusunda mövqeyini dəyişmək məcburiyyətində qaldı. Çünki Suriyada druz kartı ilə başlanan qeyri-sabitlik sonradan ölkənin şərqində hakimiyyət qurmağa çalışan PYD ilə davam etdi. Bu məsələdə Türkiyə ilə qarşıdurma riskini göze almayan İsrail, suriyalı rəsmilərlə təmaslarını artıraraq, Suriyada öz əleyhinə dönən gedişatı lehinə çevirməyə çalışdı. Nəticədə İsrail gördü ki, Suriyanın parçalanması və xaosu deyil, əksinə, bütövlüyü və sabit, konstitusion bərabərliyə əsaslanan bir sistem onun təhlükəsizliyi üçün təminat yaradır".
Analitik qeyd edib ki, İsrail və Suriya arasındakı görüşlər Türkiyənin Suriya siyasətinin daha real və zəruri olduğunu da ortaya qoydu:
"İsrail anladı ki, təhlükəsizlik adı ilə bölgədə fəaliyyət göstərən təşkilatlarla həm mübarizə aparmaq, həm də onlarla ittifaqlar qurmaq nəticə verməyəcək. Çünki bu yanaşma qaçılmaz şəkildə Türkiyə ilə toqquşma ehtimalını gücləndirirdi. Elə buna görə də israilli və suriyalı rəsmilər gələcək baxışlarını Türkiyənin mövqeləri üzərindən qurmaq qərarına gəldilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı