İran ərəb ölkələrinə xəbərdarlıq etdi

Ameria Birləşmiş Ştatları hərbi əməliyyatların dayandırılması haqqında memoranduma baxmayaraq, İrana hücum edərək və zərbələri intensivləşdirərək diplomatiyaya xəyanət edib.

Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

"Bu dəfə onlar memorandumun imzalanmasından cəmi 20 gün sonra əsassız bəhanələrlə onun müddəalarını pozaraq, böyük İran xalqına qarşı yenidən müharibəyə başladılar", - deyə nazirliyin bəyanatında bildirilib.

İran Xarici İşlər Nazirliyi Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib ki, öz ərazilərindəki ABŞ hərbi bazalarının İrana qarşı hücumlarda istifadəsinə icazə verən istənilən dövlət bunun ağır nəticələrinə görə tam məsuliyyət daşıyacaq. Tehran bu addımın regionda müharibənin genişlənməsinin qarşısını almaq üçün zəruri olduğunu bildirib.

Qeyd edək ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və yeni danışıqlar mərhələsinin başladılmasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalamışdı. Lakin iyulun 8-də zərbələrin bərpa olunmasından sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı atəşkəsin artıq qüvvədə olmadığını və İranla danışıqlar aparmağı planlaşdırmadığını elan edib.