1945-ci ildə Yaponiyanın cənub-qərbindəki Xirosima şəhərinə atılan atom bombasının qalıqlarından tapılan ərimiş qol saatı 31 min 113 dollara satılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Boston şəhərində keçirilən "RR Auction" hərracında partlama anı yerli vaxtla saat 08.15-də dayanaraq ərimiş qol saatını alan müştərinin adı açıqlanmayıb.
Hərracın verdiyi açıqlamada məşhur qol saatı “nüvə əsrinin şəfəqinin əlaməti və sivilizasiyanın alaqaranlığının müjdəçisi” kimi təsvir edilib.
Saatı təcili yardım ləvazimatlarını çatdırmaq üçün şəhərə gələn Britaniya əsgəri tapıb.
2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş İsveçrədə yerləşən Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) saatın satışına qarşı çıxıb.
Qol saatının "fərdlərin tarixi dərslər daşıyan bir obyektdən qazanc əldə edə biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə" hərrac satış siyahısından çıxarılması tələb edildi.
Qeyd edək ki, ABŞ tarixin ilk atom bombasını 6 avqust 1945-ci ildə Xirosimaya atıb, şəhərin 90 faizi dağıdılıb və 80 min insan dərhal həyatını itirib.