Tibbi maska taxmağa hamı əməl etməlidir
"Yoluxma sayında artım müşahidə edilirsə, yenidən sərt tədbirlərə gedilməlidir"
Azərbaycan əsgəri üzünü xalqa tutdu və “biz cəbhədə sizi qoruyaq, siz də maska taxmaqla hamımızı!” çağırışı etdi. Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanmış video-rolik hazırda ən çox baxılan və bəyənilən paylaşımlardandı. Müzəffər Azərbaycan əsgəri bu günlərdə hər bir ailənin sevimlisinə çevrilib. Əsgərimizin tibbi maska taxmış halda əhaliyə bu şəkildə çağırış etməsi, sözsüz ki, təsirli təbliğat vasitəsidir. Lakin əməl edirikmi? Hazırda bütün xalq Ali Baş Komandana, Azərbaycan Ordusuna dualar edir, əsgərlərimizin zəfər çalmasını, hər gün daha neçə-neçə şəhər və kəndlərimizin erməni işğalından azad edilməsini arzulayır, qələbə xəbərləri gözləyir. Ordumuz üzərinə düşən vəzifəni yerinə yetirirsə, biz də cəmiyyət olaraq üzərimizə düşəni etməliyik. Və bizdən tələb olunan yalnız sadə qaydalara riayət etməkdir. Son günlər koronavirusa yoluxma sayında nəzərəçarpan artım müşahidə edilir.
Ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva “Trend.az”a müsahibəsində pandemiya təhlükəsinə diqqət yönəldib və vətəndaşlara müraciət edib. “Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib” söyləyən Mehriban Əliyeva qeyd edib ki, hər kəsi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıb: “Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq.
Bu gün ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!".
Səhiyyə Nazirliyi də vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, maskadan istifadə etməyə, sosial məsafəni gözləməyə çağırır. Nazirliyin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, ordumuzun keçirdiyi uğurlu əməliyyatlara cavab olaraq hər kəs öz üzərinə düşəni yerinə yetirməli, "Covid-19" təhlükəsinin ordumuza keçməməsi üçün əlindən gələni etməlidir:
“Biz koronavirusa yoluxma ilə bağlı elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın. Ona görə də tədbirləri davam etdirməliyik. Karantin rejimi davam edir. Xüsusi məqamlara diqqət yönəldilməlidir. Bu gün bizə sağlam hərbçilər lazımdır. Biz də gərək arxa cəbhədə - paytaxtda, bölgələrdə sağlamlığımıza fikir verək ki, xəstələnərək ətrafdakı insanlara bu virusu yoluxdurmayaq".
Həqiqətən də bu gün ölkə əhalisi üçün Azərbaycan əsgərindən doğma, əziz, sevimli şəxs yoxdur. O zaman niyə bu çağırışlara məhəl qoymayaq? Koronavirusa yoluxma sayında son günlər müşahidə edilən artım bizdən pandemiyaya qarşı səfərbər olmağımızı tələb edir. Amma təəssüf ki, bir çox hallarda vətəndaşlarımızın qaydalara əməl etmədiyini, koronavirus təhlükəsini görməzdən gəldiyini müşahidə edirik.
Təbliğat, maarifləndirmə işləri lazımi qaydada aparılır, efirlərdə pandemiya əleyhinə sosial çarxlar nümayiş olunur, tv-proqramlarda koronavirus və onun mümkün təhlükəsi barədə danışılır, hər birimiz gündəlik həyatımızda pandemiyanın təsirini görürük. Elə isə bəzi hallarda səhlənkarlığa səbəb nədir? Bu vəziyyət bir neçə ay davam edən sərt karantin rejiminin yenidən tətbiqinə aparıb çıxaracaqmı?
Jurnalist-yazar Natiq Məmmədli “Şərq”ə açıqlamasında maarifləndirmə işlərinin normal qaydada aparılmasına baxmayaraq əhalinin hələ də məsuliyyət davranışlarına şahid olduğumuzu dedi:
- Maarifləndirmə işləri, təbliğat üsulları hamısı yaxşıdır. Amma təcrübə göstərir ki, bu cür tədbirlər heç də həmişə özünü doğrultmur. İnsanlar koronavirus barədə kifayət qədər məlumatlıdır artıq. Ötən aylarda vətəndaşlarımız yoluxma sayında artım olduğunu, qohumlar, dostlar, tanışlar arasında koronavirusa yoluxanların olması barədə məlumat aldılar, kimsə bunu öz taleyində, öz həyatında yaşadı. İnsanlarımız artıq bilgilidir. Buna baxmayaraq qaydalara əməl etməkdə səhlənkarlığa, məsuliyyətsizliyə yol verilirsə, deməli, inzibati tədbirlərin sərtləşdirilmısinə ehtiyac var. Mən inzibati metodların sərtləşdirilməsinin tərəfdarıyam.
Biz imkan verməməliyik ki, 21-ci əsrin bu bəlası ordumuza nüfuz etsin, əsgərlərimiz yoluxsun. Azərbaycan xalqı üçün hazırda əsgər ən müqəddəs varlıqdır. Bu, hər zaman belə olub. Lakin hazırkı dönəmdə ordumuz zəfər yürüşünü davam etdirdiyi məsuliyyətli bir zamanda hamımız əsgərlərimizin sağlamlığını düşünməliyik. Həmin video-çarxı mən də izləmişəm və çox xoşuma gəlir. Bir halda ki əsgər bizə müraciət edir, bizim öhdəmizə düşən əsgərin çağırışına səs vermək və əməl etməkdir.
N.Məmmədli qeyd etdi ki, koronavirusa qarşı vaksinin tapılmasına az qalıb, bəlkə də artıq tapılıb və yaxın zamanda dünya ölkələri peyvəndləmə işlərinə başlayacaqlar. Buna qədərsə, hər kəs özünü qorumalıdır. Özünü qorumalıdır ki, başqalarını da qorumuş olsun:
- Gördük ki, sərt karantin rejimi tətbiq edildiyi zaman yoluxma sayı necə azaldı. İndi yoluxma sayında artım müşahidə edilirsə, fikrimcə, yenidən sərt tədbirlərə gedilməlidir. Hesab edirəm ki, Operativ Qərargah yaxın günlərdə bununla bağlı qərar verəcək. Qaydaları pozanlara qarşı cəza mexanizmləri tətbiq edilməlidir. İnsanlar cəza mexanizmlərini həyatlarında hiss etməlidir.
Bilməlidirlər ki, tələb olunan yerlərdə əgər tibbi maska taxmayacaqlarsa, sosial məsafənin saxlanmasına riayət etməyəcəklərsə cərimələnəcəklər və məsuliyyətə cəlb olunacaqlar. Yalnız bu halda pandemiya ilə mübarizədə müsbət irəliləyişə nail ola bilərik. Yoxsa təbliğat vasitələri, maarifləndirmə ilə əhalini qaydalara riayətə cəlb etmək mümkün olmayacaq. Pandemiya ilə mübarizədə ən effektiv vasitə sosial təmasların azaldılmasıdır.
Bu, inanılmış variantdır. Bizi bir-birimizdən aralı tutmaq lazımdır. Bunu da yalnız inzibati yolla gerçəkləşdirmək mümkündü. İnzibati yollarla insanları buna sövq etmək lazımdır.