Hazırda Azərbaycan müharibə şəraitindədir. İşğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq ordumuzun əks-əməliyyatlara başlaması nəticəsində cəbhədə gərginlik yenidən şiddətləndi. Artıq müzəffər ordumuz bir sıra ərazilərimizi- Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Suqovuşan, Xudafərin körpüləri, Hadrut, Ağbənd, eyni zamanda bir neçə kənd və yüksəklikləri azad edib. Elə indi də qızğın döyüşlər davam edir. Məhz buna görə də hər kəsin diqqəti ön cəbhəyə yönəlib. Cəbhədən qələbə xəbərləri gəldikcə dünyanın baş ağrısına çevrilmiş koronavirusla mübarizə arxa plana keçdi. Məhz ona görə də son günlər COVİD-19-a yoxlunların sayında rekord artım qeydə alındı. Məsələn elə dünən virusa yoluxanların sayı 946-a yüksəldi. Əlbəttə, məlum vəziyyət olduqca təhlükəlidir. Bu həm virusun daha geniş yayılaraq cəbhəyə ayaq açmasına, eləcə də hazırda cəbhədə əsgərlərimizə tibbi xidmət göstərməli olan həkimlərimizin sayının azalmasına səbəb ola bilər. Bu mənada koronavirusla bağlı vəziyyəti unutmaq olmaz. Elə məhz bu səbəbdən cəbhədə düşmənlə döyüşən Azərbaycan əsgəri koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçimiz hər kəsi tibbi maskadan istifadə etməyə çağırıb:
“Biz vətənin keşiyində sizi qoruyaq, siz də maska taxmaqla hamımızı!”.
Məlum vəziyyətlə bağlı “Sherg.az”a danışan həkim Məlahət Hümmətqızı bildirib ki, o da əsgərlərin çağırışına qoşulur:
“Artıq dörd hərbi həkimimiz şəhid olub. Belə bir təklif irəli sürmüşdüm ki, hərbi həkimlərlə bərabər, sıravi həkimlər də ön cəbhəyə, hərbi hospitallara ezam olunmalıdır.
Çünki hazırda neçə gündür virusa yoluxma sayında rekord həddə artım müşahidə olunur. Hökmən əsgərlərimizin yanında olmalı, qabaqlayıcı tədbirlər görülməlidir.
Təkcə cərrahlar deyil, terapeftlər də cəbhəyə cəlb olunub, onların keşiyində dayanmalıdır.
Cəbhədə sosial məsafə saxlamaq qeyri-mümkündür. Amma ən azından maskadan istifadə etmək olar”.
Sücayət Mehtili