Vəziyyət ciddiləşib !- “Yoluxanaların sayı kəskin artır” - Nəzarət güclənsin !

Azərbaycanda koronavirus  infeksiyasına 988  yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. Təəssüflə qeyd edirik ki, karantin qaydalarının yumuşaldıldığı gündən etibarən koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Səbəbi isə insanların izolyasiya qaydalarına əməl etməməsi, artıq bu bədnam virusun varlığını unutmasıdır.


Mövcud durumu "Sherg.az”a dəyərləndirən həkim-infeksionist Vasif Əliyev deyib ki, yoluxanların sayında yenidən artım ola bilər:

“Vəziyyət artıq ciddiləşib.Yenidən artım ola bilər. İnsanlar qaydalara əməl etməsə, artma ehtimalı yüksəkdir. Yoluxanların sayında yüksəliş görürük. Bir həkim kimi düşünürəm ki, nəzarət güclənməlidir.

Əgər ehtiyac yaransa, cərimələr də tətbiq oluna bilər. Belə olan halda insanlar məcbur qalıb qayda-qanuna  əməl edəcəklər. Yaxud da sərt karantin rejiminə keçirilməlidir.

Bu da insanların psixoloji vəziyyətini korlaya bilər. Bu baxımdan maskalardan istifadəyə, ara məsafənin gözlənilməsinə ciddi qaydada əməl edilməlidir.

Bunun üçün də ən önəmlisi məcburi olması, ciddi nəzarət edilməsidir.  Qaydalara riayət edilmədiyi halda  cəza tədbirləri görülməlidir”.