Sağalan xəstələrin ağciyərlərində heç bir patologiya qalmır
"Əvvəllər xəstələrdə daha çox nəfəs darlığı, boğaz qıcıqlanması və davamlı spazmlı öskürəklər müşahidə edilirdisə, indi bu hallara çox az və daha yüngül formada rast gəlinir. Pnevmoniyası olan koronavirus xəstələri əvvəllər 2-4 həftəyə müalicə olunduğu halda, indi belə xəstələri 7-10 günə müalicə etmək mümkündür". Bu sözləri həkim Elnur Eldaroğlu deyib. Həkim bildirib ki, sağalan xəstələrə elə gəlir ki, onların ağciyərləri həmişə patoloji vəziyyətdə qalacaq: "Xəstəlik keçirən ağciyərlər heç vaxt tam düzəlməyəcək kimi fikirlər tam yanlışdır. Digər bakterial və virus pnevmoniyası xəstəliyindən sağalan xəstələr normal həyatlarına necə qayıdırlarsa, bu pasiyentlərdə də vəziyyət belədir".
Xəstələrə bronx yollarını gücləndirən, öskürəyi kəsən və ağciyərlərin reabilitasiyasına kömək edən təbii məhsulların qəbulunu da məsləhət görən E.Eldaroğlu qeyd edib ki, keçibuynuzu meyvəsinin dəmləməsi və bronxial məcun hər gündə iki dəfə daxilə qəbul edilir. Bunlar immun sistemini gücləndirir, bronxspazmı aradan götürdüyü üçün ağciyərlərin oksigenlə zənginləşməsini təmin edir.
Həkim bizə zəfər yaşadan Azərbaycan əsgər və zabitlərinə də təşəkkür edib: "Bu gün millətimizin milli birlik cəbhəsi bizim çox yaxında qalib olmağımızı təmin edir. Həkimlərimizə gəlincə, onlar həm koronavirus, həm də Vətən müharibəsində öz vəzifə borclarını layiqincə yerinə yetirirlər. Amma bir şeyi ununtmamalıyıq ki, bu, hamımızın mübarizəsidir. Ona görə də sadə qaydalara riayət etməklə, özümüzü bu virusdan qoruyaq ki, hərbçilərimizə də dəstək vermiş olaq".