İnsanlar da arxayınlaşıb təhlükə yaradırlar
Bir neçə gün öncə Qubada koronavirusa yoluxan şəxs yaşadığı evi tərk edib. Quba rayon sakini G.Abdullayeva COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin olunub. Lakin o, qaydalara baxmayaraq yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Əfsuslar olsun ki, bu kimi hallarla tez-tez rastlaşırıq. Koronavirusa yoluxmuş şəxslər izolyasiya qaydalarına əməl etməkdən qaçırlar. Beləliklə onlar cəmiyyətdə yoluxanların sayının artmasına, xəstəliyin yayılma prosesinin daha da sürətlənməsinə səbəb olurlar.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, əvvəlcədən düzgün sistem yaradılmalı idi. Koronavirusa yoluxan xəstələr qeydiyyatsız müalicə almamalıdır:
“Məsələn, xeyli xəstə var ki, evdə qeydiyyatsız müalicə olunublar. Onlar bayıra çıxırlar, gəzirlər. Bir az yaxşılaşanda qaydalara əməl etmirlər. Belə hallar az deyil. Kifayət qədər var.
Ona görə hesab edirəm ki, maarifləndirici tədbirlərdən yox, işin düzgün qururlmasından danışmalıyıq. Bu cür xəstələr özlərinin hüquqi məsuliyyət daşıdıqlarını anlasınlar.
Bu hallar başqasına yoluxdurma cəhdi kimi dəyərləndirilə bilər. Beləliklə ümumi məsuliyyət yaranar. Ona görə təbliğat işi aparılanda insanlara bu nüanslar başa salınmalıdır”.
Adil Qeybulla onu da qeyd edib ki, uzun müddətdir Operativ Qərargahın fəaliyyətini görmürük:
“Demək olar televiziya kanallarında koronavirus yoxa çıxıb. Son vaxtlar müəyyən kanallar bu mövzuya yer verməyə başlayıblar. Amma bir müddətdir unudulmuş mövzuya çevrildi. Bundan da sui-istifadə halları artdı. Həmin Qubada olan məsələ də onun bir göstəricisidir”.