Əsgərlərimizin döyüş meydanında yazdığı tarixi biz də arxa cəbhədə yazmalıyıq
Hər bir vətəndaşın indi dövlətimizə ən böyük dəstəyi xəstəlikdən, yoluxmadan qorunmaqdı
Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 dekabr saat 06:00-dək uzadıldı. Bu xəbərə təəccüblənməməliyik. Təəssüflənməliyik. Karantin rejimi müddətinin uzadılması da, qaydaların sərtləşdirilməsi də birbaşa bizdən asılıdır. Aylardır, vətəndaşlara tövsiyə edilir ki, pandemiya şəraitinə uyğun davransınlar, karantin qaydalarına riayət etsinlər.
Sanitar-gigiyenik normalar pozulmasın. Xüsusilə qoruyucu tibbi maskalardan istifadə edilsin, hər yerdə. İctimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə. Ümumiyyətlə, əhaliyə toplaşmamaq, məclis və mərasimlərdə iştirak etməmək, kütləvi yerlərdə sosial məsafə saxlamaq tövsiyə edilir. Amma nə görürük? Bəzən vətəndaşlarımızın səhlənkarlığı son həddə çatır. Sərnişinlər arasında sürücü ilə mübahisə edib “maska ilə nəfəs ala bilmirəm” deyib iki ayağını bir başmağa dirəyənlər olur. Eləcə də paytaxtda, regionlarda vətəndaşlarımızın karantin qaydalarını pozaraq məclis təşkil etmələri hallarına da rast gəlinir. Belə vəziyyətdə təbii ki, yoluxma sayında artım olacağı gözlənilən idi və oldu da. Nəticədə karantin müddəti yenidən uzadıldı. Bunun ardınca digər karantin qaydalarının sərtləşdiriləcəyi də ehtimal edilir.
Qaydalar sərtləşir
Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli qərarı ilə respublikanın bir neçə şəhər və rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.
Qərarla Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda, eləcə də Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında dekabrın 1-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Bu rayonlara giriş-çıxışda xüsusi karantin postları qurulub. Rayonlara daxil olan vətandaşlar ciddi yoxlanılır. Burada qeydiyyatda olmayan şəxslərin rayonlara girişi qadağan edilib. Həmçinin rayon mərkəzlərində və ictimai obyektlərdə aparılan reyd zamanı əhali ilə maarifləndirici söhbərlər aparılır. Postlarda polis şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparırlar. Həmçinin rayonların daxilində polis naryadları tərəfindən ictimai iaşə müəssisələrində, insanların daha çox toplaşdığı ərazilərdə nəzarət-profilaktiki tədbirlər keçirilir.
Sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi, tətbiq olunan qaydalara ciddi riayət edilməsinin vətəndaşların sağlamlığının qorunması məqsədi daşıdığı sakinlərin diqqətinə çatdırılır. Şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində polis əməkdaşları tərəfindən reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və vətəndaşlara bildirilir ki, bu tədbirlər onların sağlamlığının qorunması üçündür.
Firəngiz Əlizadə: “Çox xahiş edirəm, hamı diqqətli olsun”
“Müharibənin getdiyi bu çətin zamanda bizim şanlı ordumuz hər gün bizi sevindirir. Necə deyərlər, itkilərə görə bir gözümüz ağlayır, bir gözümüz gülür. Amma başqa tərəfdən də son vaxtlar biz görürük ki, ölkəmizdə pandemiya daha çox yayılıb. Bu, bizi narahat edir”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə KİV-ə açıqlamasında vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıb. Onun sözlərinə görə, biz təkcə özümüzü fikirləşməməli, bütün xalqımızı, ordumuzu və qələbəmizi düşünməliyik: “Bu gün hər birimizin həyatı daha da qiymətlidir. Bir-birimizi qorumalı, nizam-intizamlı olmalıyıq.
Gigiyena qaydalarına əməl etməli, qayda-qanunlara tabe olmalıyıq. Mən hərdən balkona çıxıb baxıram, heç kəs maska taxmır. Avtobus dayanacağıdır, hamı avtobusa maskasız minir.
Çox təəccüblənirəm. Karantin qaydalarına riayət etməyərək nə özlərinin həyatını qoruyurlar, nə də avtobusdakı digər sərnişinləri düşünürlər. Axı özləri də yoluxa bilərlər, başqalarını da yoluxdura bilərlər. Bu nə məsuliyyətsizlikdir! Biz çox narahat oluruq. Televiziya kanallarında, mətbuatda hər gün gigiyena qaydalarına əməl etmək, sosial məsafə saxlamaq, davranış qaydalarına riayət etməklə bağlı tövsiyələr edilir, sadə dillə açıqlanır. Amma yenə də insanlar bu qaydalara əməl etməkdən qaçırlar”.
Xalq artisti vətəndaşları diqqətli olmağa çağırıb: “İstəyərdim ki, on milyonluq xalqımızın bir üzvü belə xəstələnməsin. Hamı sağ-salamat bu pandemiyadan çıxsın və qələbəni hamımız birlikdə gözəl-gözəl qarşılayaq. Çox xahiş edirəm, hamı diqqətli olsun. Pandemiya böyük təhlükədir, onu zarafata salmaq olmaz, çox ehtiyatlı olmaq lazımdır”.
Vətəndaşlarımız pandemiya cəbhəsində də belə həmrəylik göstərsələr...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur ki, ölkəmiz üçün bu məsuliyyətli dönəmdə xalqın birlik və həmrəylik nümayiş etdirərək dövlətə dəstək olması qürurvericidir. Vətəndaşlar tərəfindən orduya dəstək aksiyaları yüksək vətənpərvərlik hissi ilə ümumxalq hərəkatına çevrilməkdədir.
Son zamanlar bir çox azərbaycanlı iş adamlarının səhiyyəyə, dolayısı ilə orduya dəstək məqsədli müraciətləri çoxalmaqdadır. İş adamları ölkə üzrə tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılmasına dəstək olurlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həmin şəxslərə öz təşəkkürünü bildirir və bu fəaliyyəti yüksək qiymətləndirir.
"Sözügedən dəstək təşəbbüslərinin artmasını nəzərə alaraq bildiririk ki, tibb müəssisələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın səmərəliliyinin artırılması məqsədilə agentliyə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı müraciətlərin qeyd edilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur", - deyə agentlikdən bildirilib.
Hər bir vətəndaş özünü qorumalıdır
“Son günlər Azərbaycanda koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarında kəskin artım müşahidə olunur. Artımın əsas səbəbləri vətəndaşların qoruyucu maskalardan düzgün istifadə və mövcud karantin qaydalarına riayət etməməsi, şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaması, bir çox hallarda ara məsafənin gözlənilməməsi, zəruri ehtiyac olmadığı halda belə evdən çıxmaları, ictimai yerlərdə kontaktların çoxalmasıdır”.
Bunu isə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, epidemioloji vəziyyətlə əlaqədar olaraq xüsusi karantin rejimi çərçivəsində dekabrın 1-dək bir sıra məhdudiyyətlər tətbiq olunub:
“Payız-qış mövsümü ilə əlaqədar koronavirus infeksiyası ilə yanaşı, qrip və digər kəskin respirator virus infeksiyalarının artımı müşahidə edilə bilər.
Qrip xəstəliyinin qarşısının alınması, eyni zamanda xəstəliklərin mövsümi artımı zamanı gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 12 oktyabrdan respublikanın şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb işçiləri), hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında qrip əleyhinə peyvəndləmə tədbirləri aparılır. Peyvəndləmə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçirilir”.
A.Əliyeva qeyd edib ki, hər bir vətəndaş özünü koronavirus infeksiyasından qoruyaraq, ailəsini, valideynlərini və cəbhədə olan əsgərlərimizi qoruyur: “Milli ordumuzun uğurlu əks-hücum əməliyyatları apardığı bir zamanda hər bir vətəndaş COVID-19 infeksiyasının geniş yayılmaması üçün tələb olunan qaydalara riayət etməklə ordumuza dəstək vermiş olur”.
Cəzaların sərtləşdirilməsi vacibdir
Polkovnik Mahmud Hacıyev “Şərq”ə açıqlamasında koronavirusa yoluxma sayındakı artımın əsas səbəbi kimi vətəndaşların karantin qaydalarına əməl etmədiyini göstərdi:
- Vətəndaşlarımız anlayıb dərk etməlidir ki, ölkəmiz çox mənfur bir düşmənlə müharibə aparır. Ön cəbhədə əsgərlərimiz tarixi rəşadət göstərərək torpaqlarımızı düşmən tapdağından azad edirlər.
Şəhərlərimiz, kəndlərimiz işğaldan azad edilir. Arxa cəbhədə olan hər bir vətəndaşın üzərinə düşən əsas vəzifəsi orduya, əsgərimizə dəstək olmaqdır. Bu gün bu dəstək özümüzü xəstəlikdən, yoluxmadan qorumaqdır. Əsgər bizdən geyim istəmir, ərzaq istəmir, şükürlər olsun, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev ordumuzu zamanında bütün lazımi silahlarla, avadanlıqla, texnika ilə təmin edib.
Ordumuzun təminatı ən yüksək səviyyədədir. Bizim edə biləcəyimiz özümüzü qorumaqdır. Ancaq bununla dövlətimizi iki cəbhədə eyni zamanda döyüşməkdən xilas edə bilərik. Hamımız bilirik ki, cəbhədə döyüşlər gedir. Tibb personalı, həkimlərimiz hazırda həm pandemiya ilə savaşır, həm də cəbhədə ön xətdə düşmənlə. Biz elə etməliyik ki, həkimlərimiz arxa cəbhədən heç olmasa qismən arxayın olsunlar. Yoluxma sayı azalsa, xeyli arxayınlıq və rahatlıq yaranar. Amma təəssüf ki, bəzən səhlənkar, məsuliyyətsiz insanlarla qarşılaşırıq. İnsanlarımız bəzən özlərini çox arxayın aparır, bu isə çox təhlükəlidir.
M.Hacıyev qeyd etdi ki, mövcud vəziyyət karantin qaydalarının yenidən sərtləşdirilməsini labüd edir:
- Televiziyalar gün ərzində maarifləndirici proqramlar yayımlayır, pandemiya ilə bağlı sosial çarxlar, videosüjetlər efirə verilir, radiolarda bu haqda danışılır, media təbliğat aparır.
Hətta əsgərlərimiz də xalqa müraciət etdi. Bütün bu işlərin müqabilində vətəndaş səhlənkar davranmaqda davam edirsə, deməli, qaydalar da, cəzalar da sərtləşdirilməlidir.
Yenidən əvvəlki sərt karantin rejiminə qayıtmaq, tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr tətbiq edilməli, vətəndaşların kafe və restoranlara, parklara girişi qadağan edilməlidir. Kütləvi toplaşmalara sərt qadağa qoyulmalıdır.
Ölkədə müharibə gedir. Necə mənfur bir düşmənlə müharibə aparırıq, hamı bilir, amma bunun müqabilində bəzən insanlarımız hədsiz arxayın davranırlar. Bunun qarşısını almaq və yoluxma sayında azalmaya nail olmaq üçün qaydalar da, cəzalar da mütləq sərtləşdirilməlidir.
M.Hacıyev bir sıra şəhərlərə və regionlara giriş-çıxışa məhdudiyyət qoyulmasını da vacib qabaqlayıcı tədbirlər kimi təqdir etdiyini söylədi.