"Əgər bu xəstəliyi kimsə keçiribsə, mütləq gələcəkdə psixi fəsadları olacaq"
İnsanlar karantin müddətinin bitməsini ümidlə gözləyirdilər. Birdən-birə koronavirusda artım insanlarda təşvişi qat-qat artırdı. Təbii ki, bu da gələcəkdə daha çox psixi problemlər yarada bilər. Nəzərə alaq ki, bu pandemiya həm də psixi pandemiyadır. Onun orqanik üzvi təsirdən çox psixioloji təsiri daha geniş vüsət alıb. Hətta normalda təşviş problemi olmayan insanlar belə təşviş hissi yaşayırlar.
Həkim-psixiatr İkram Rüstəmov bildirib ki, son günlər ölkədə və dünyada davam edən proseslər sayəsində hər şeyə qarşı fobiya ola bilər: "Məsələn, qapalı sahə qorxusu, hörümçək qorxusu, səs qorxusu və s. Bütün bunlar fobiyanın, təşviş hissinin simptomlarıdır. Koronavirus fobiyasını da təşviş pozuntusu adlandıra bilərik. Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla, bəzən müəyyən dərmanlarla müalicə olunandır. Düzgün maarifləndirmə bu təşvişin qarşısını almağa kömək edə bilər”.
Mütəxəssis, xəstələrin 30 faizdən çoxunda stress pozuntusunun aşkarlandığını vurğulayıb: "Koronavirus həyatımızda ciddi sosial travmadır. Əgər bu xəstəliyi kimsə keçiribsə, mütləq gələcəkdə psixi fəsadları olacaq. Bəzən psixoloji immunitetimizlə buna qalib gələ bilirik. Ancaq post travmatik stres pozuntusundan sonra bir xəstəlik yaranır və buna tibbi müdaxilə mütləqdir. Yəni hər xəstəyə individual yanaşılmalıdır".
Vaxtında yatmağın, normal maye-su qəbul etməyin sağlamlıq üçün təkcə pandemiya dövründə deyil, həmişə xüsusi önəm daşıdığını xatırladan həkim-psixiatr psixoloji rahatlıqdan ötrü daim etibarlı mənbələrdən məlumat almağı məsləhət görüb: "Hər deyilənə inanmamaq, hər şeyə təşvişli yanaşmamaq faydalıdır. İnsanın həyat standartının bir gedişatı var, biz bu gedişata onsuz da təsir göstərə bilmirik. Bilmədiyimiz bir şeydən qorxmağın isə mənası yoxdur. Hadisələrə adi baxmağı bacarmalıyıq. Daha çox məlumatlanıb özümüzdəki təşviş və gərginliyi artırmağa dəyməz. Xüsusilə, psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır".