Arxayınlıq bəla gətirir

Karantin rejiminin sərtləşdirilməsi yoluxmanın inkişafından asılı olacaq

Pandemiya ilə mübarizədə cəmiyyətə düzgün mesajlar ötürülməsi vacibdir 


Koronavirus infeksiyasına yoluxma sayındakı kəskin artım karantin qaydalarının daha da sərtləşdirilməsini, qayda pozuntularına görə cərimələrin yenidən tətbiqini getdikcə zərurətə çevirir. Ölkə ərazisində karantin rejimi müddətinin dekabrın 1-dək uzadılması, bir sıra şəhər və rayonlara giriş-çıxışa məhdudiyyətlərin qoyulması yoluxmanın artmasına qarşı həyata keçirilən tədbirlərdir. Bununla belə gündəlik həyatda karantin qaydalarının tez-tez pozulması hallarına rast gəlinir.

Vətəndaşlardan tələb olunan yerlərdə tibbi maskalardan istifadə etməməsi, sosial məsafə saxlamaması, qadağalara rəğmən kütləvi məclislər təşkil etmələri təhlükənin daha da böyüməsinə gətirib çıxarır. Pandemiyanın daha geniş yayılmasının qarşısının alınması üçün karantin rejiminin bir qədər də sərtləşməsi, SMS icazə sisteminə qayıdış və tibbi maskalardan istifadə edilməməsinə görə cərimələrin tətbiqi mümkün hesab edilir. 

İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında karantin rejiminin hansı formada sərtləşdirilməsiylə bağlı qərar vermək hüqüqunun Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsus olduğunu bildirdi: 

- Bu barədə Operativ Qərargah qərar qəbul etməlidir. Operativ Qərargah tərəfindən pandemiya ilə bağlı mövcud vəziyyət  təhlil edilir və buna uyğun olaraq da qərar verilir. Hesab edirəm ki, insanlar pandemiyanın nə dərəcədə təhlükəli olduğunu şüurlu surətdə anlamalı və buna müvafiq davranmalıdırlar.

Mart-aprel ayları ərzində insanları inandırmaq istiqamətində ciddi işlər görüldü. Nəticədə insanlar inanmağa başladı və bu, davranışlara da müsbət təsir etdi. Və yoluxma sayında kəskin azalma baş verdi.

Qarşıdakı aylarda karantin rejimində yumşalmalar edildi. Sentyabr ayında tədris prosesi qismən də olsa, növbəlilik prinsipi əsasında bərpa edildi, metro yenidən fəaliyyətə başladı. Amma hələ yay aylarında mütəxəssislər bildirirdi ki, payızda ikinci dalğa olacaq və buna güclü, hərtərəfli hazırlıq aparılmalıdır. Lakin nədənsə bizim insanlarda yenə arxayınlıq yarandı, “birinci dalğanın öhdəsindən gəldik, ikinci dalğanın da öhdəsindən gələcəyik” kimi qənaət yarandı, arxayınlaşdılar.

Halbuki, payız fəsli ümumilikdə respirator xəstəliklərin baş qaldırması üçün münbit zaman hesab edilir. Fəsil dəyişkənliyi immun qabiliyyətin enməsinə, orqanizmin zəifləməsinə və paralel olaraq xəstəliklərə yoluxma riskinin artmasına səbəb olur.

Təbiət insanları ayıq-sayıq olmağa çağırır, lakin təəssüf ki, insanlar təbiətin çağırışlarını eşitmir, eşitmək istəmir. Nəticə göz qabağındadı. Yoluxma sayında kəskin artım var. Hesab edirəm ki, yoluxma sayındakı artıma əhalimizdə Azərbaycan Ordusunun cəbhədə əks-hücum əməliyyatlarına başlamasından doğan yüksək əhval-ruhiyyə də səbəb olub.

Qəribə səslənir bəlkə, amma həqiqət budur ki, xalqımız ordumuzun qələbə xəbərlərinə, ordumuzun zəfər yürüşünə elə aludə olub ki, şəxsi sağlamlığı, sağlamlığını qorumaq arxa plana keçib. Torpaqlarımızın işğaldan azad edilməsi əhalinin koronavirusa baxışlarını dəyişib. Ümumilikdə xalqımızı indi ancaq cəbhədəki vəziyyət, ordumuzun qələbələri düşündürür.

Amma belə olmamalıdı. Biz cəbhədəki əsgərlərimizlə həmrəyliyimizi arxa cəbhədə pandemiya ilə mübarizəmizlə gücləndirməliyik. Əsgərlərimizə həyatda sağlam qalmaqla dəstək olmalıyıq. 

A.Allahverənov qeyd etdi ki, pandemiya ilə mübarizədə cəmiyyətə düzgün mesajlar ötürülməsi böyük əhəmiyyət daşıyır: 

- Hesab edirəm ki, koronavirusla mübarizədə əməl edilməsi məcbur olan qaydalarla bağlı məlumatların ictimaiyyətə daha geniş şəkildə ötürülməsinə ehtiyac var. Maarifləndirici proqramlar, sosial çarxlar, mütəxəssislərin izahı gün ərzində daha tez-tez səslənməlidir.

Təbliğat işlərinin əhatəsi genişlənməlidir. Karantin rejiminin sərtləşdirilməsi isə hadisələrin gedişindən asılı olacaq.