Bu gediş çox həyəcanlıdır: Vətəndaşlar əvvəlki vətəndaş məsuliyyətini nümayiş etdirmirlər

 “Bir az əvvəl yoluxma sayının aşağı düşməsi vətəndaşlarda arxayınlığa səbəb oldu və hər kəs pandemiyanın bitdiyini düşündü. Vətəndaşlar məsuliyyətlə yanaşmanı kənara qoyduqdan sonra rəqəmlərdə ciddi artımlar qeydə alındı. Bu gediş əslində çox həyəcanlıdır. Çünki hazırda gərgin bir dövrdə yaşayırıq. Vətən müharibəsi davam edir. Bizim hər birimizin xəstələnməsi cəbhə üçün də təhlükə törədir. Vətəndaşlar cəbhə zonasında hərbçilərlə təmasda olduqlarına görə, məsuliyyətimiz birə on qat artmalıdır. Hər birimiz ordumuzun qələbəsi naminə koronavirusa qarşı mübarizədə də həmrəylik nümayiş etdirməliyik”.

Bu sözləri həkim Nərminə Rəfiyeva deyib. Mütəxəssis diqqətə çatdırıb ki, təəssüflər olsun ki, vətəndaşlar əvvəlki vətəndaş məsuliyyətini nümayiş etdirmirlər:

“Dayanacaqlarda avtobuslarda maskasız vətəndaşların sayı kifayət qədərdir. Bu da yoluxma saylarında artımla nəticələnir. Bəziləri xəstəliyi zəif, asimptomatik keçirir. Onlar virus daşıyıcısı olsalar da, özlərini sağlam hiss edirlər. İkinci qrup insanlar isə əlamətləri hiss etsələr də yoluxduqlarını düşünmür, soyuqdəymə, qrip olduqlarını deyirlər. Onlar da nəticə də yoluxma sayını artırırlar”.