Həkimlərin əhaliyə göstərdikləri tibbi xidmətin keyfiyyətinə 21,8% respondent tam, 36,4% respondent qismən qane olduğunu, 34,4% respondent isə heç qane olmadığını bildirib.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) ölkənin 8 iqtisadi-coğrafi rayonunda 1121 respondent arasında apardığı sorğunun nəticələrində qeyd edilib.
Nəticələrə əsasən, yaş səviyyəsi artdıqca tibbi xidmətin keyfiyyətindən razılıq səviyyəsi aşağı endiyi müşahidə edilir.
Məsələn, sorğuda 18-25 yaşda olan iştirakçıların 90%-i bu və ya digər dərəcədə xidmətdən razıdırsa, 56 yaşdan yuxarı olanlar üçün bu göstərici 70%-ə enir. Ali təhsilli və aylıq gəliri 501 manatdan yüksək olan respondentlərin məmnuniyyəti digər müvafiq qruplara görə daha aşağıdır.
Həkimlərin əhaliyə göstərdikləri tibbi xidmətin keyfiyyətindən razılığa görə Şəki-Zaqatala və Abşeron iqtisadi rayonları ilk sıralarda qərarlaşdığı halda, Quba-Xaçmaz iqtisadi rayonu son mövqedədir.
“Müvafiq qurumlar tərəfindən səhiyyə sisteminin idarə olunmasının keyfiyyəti sizi nə dərəcədə qane edir” sualına isə respondentlərin 13,5% tam, 38,4% qismən qane etdiyini, 38,5% heç qane etmədiyini, 9,7% isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Bu sual üzrə sorğuda iştirak edən 65 yaş yuxarı və 36-45 yaş arasındakı respondentlərin narazılığı digər yaş qruplarına nisbətdə daha yüksəkdir. Təhsil səviyyəsi və aylıq gəlir səviyyəsi yüksəldikcə razılıq səviyyəsi aşağı enir.
Sorğuda iştirak edənlərin 63,5% respondent icbari tibbi sığortanın tətbiqindən xəbəri olduğunu, 36,5% respondent isə xəbəri olmadığını bildirib.
Bir qayda olaraq, yaş səviyyəsi yüksəldikcə məlumatlılıq səviyyəsi də paralel olaraq artır. Məsələn, sorğu iştirakşılarından 18-25 yaş qrupunda olanların 45,8%-nin aprelin 1-dən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanması barədə xəbəri varsa, 56-65 yaş arasında olanlar üçün bu göstərici 73,6% təşkil edir. Ali təhsillilərin 81%-i, orta təhsillilərin isə 52,3%-i bu barədə məlumatlıdır.
İştirakçılar arasında kişilərin 71,7%-nin, qadınların isə 56,5%-nin icbari tibbi sığortanın tətbiqi barədə xəbəri var. Ən yüksək məlumatlılıq səviyyəsi Aran iqtisadi rayonu (70%), Bakı şəhəri (67,7%) və Şəki-Zaqatala iqtisadi rayonu (65,1%) üzrə müşahidə edilib. Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında bu göstərici 55% ətrafındadır.