Qeydiyyatı olmayan şəxslərə "COVID-19 pasportu" verilməməlidir
"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" ala bilməzlər". Bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib. “COVID-19 pasportu" yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, "COVID-19 sertifikatı" isə peyvənd vurduran şəxslərə verilir”, - o bildirib.
Məsələ ilə bağlı fikirlərini "Şərq"ə bildirən həkim-pediatr Vaqif Qarayev da təsdiqləyib ki, “COVID-19 pasportu" yalnız portalda qeydiyyatdan keçmiş şəxslərə verilməlidir. Həkim vurğulayıb ki, kiminsə sözünə inanıb pasport vermək qanuna ziddir:
"Bilirsiniz ki, koronavirusa yoluxanlar və vaksin olunanlar portalda qeydiyyatdan keçirlər. Düzdür, bir sıra vətəndaşlarımız var ki, onlar da koronavirusa yoluxmuşdular, amma müəyyən səbəbdən yoluxduqlarını gizlədirdilər. Onlar bütün xəbərdarlıqlara baxmayaraq ev şəraitində gizlincə özlərini müalicə edirdilər. Təbii ki, belə adamlarım sayı çox idi. Buna görə də heç yerdə qeydiyyatı olmayan şəxslərə pasportun verilməsi düzgün deyil. Yəni bir sözə inanıb vermək düzgün deyil və bu, qeyri-ciddidir. Ümumiyyətlə, qeyd edim ki, bu hal gözlənilən idi. Çünki mən heç vaxt statistik rəqəmlərə inanmırdım. Çünki qat-qat yoluxanlar çox idi və onlar həkimlərə müraciət etmirdilər. İndi ona görə də həmin vətəndaşlarımız pasport almaq baxımından bu günləri əziyyət çəkirlər. Buna görə də bu günləri hər bir vətəndaşımız vaksin olunmaqda maraqlı olmalıdırlar".