Saxta COVİD-19 pasportu satılır

"Bu cinayət əməlini törədən şəxslər mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar"

"Yalançı COVİD-19 pasportu olan insanlar bir neçə aydan sonra həmin xəstəlik nəticəsində ölə bilərlər"


Son zamanlar müxtəlif sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Bir müddət bundan öncə isə bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumat yaymışdı.

Bildirilmişdi ki, yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib. Araşdırmanın nəticəsi olaraq isə Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib. İndi isə sosial şəbəkələrdə insanların 40 manat ödəyərək saxta COVİD-19 pasport almaqları barədə fikirlər səsləndirilir. 

Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev "Şərq"ə açıqlamasında bildirib ki, bu cinayət əməlini törədən şəxslər mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Deputat qeyd edib ki, bu, bəşəri bir cinayətdir:

"Təəssüf edirəm ki, pandemiyanın belə bir vaxtında hələ də bundan qazanc məqsədi üçün istifadə edənlər var. Bilirik ki, dünyanı çox təhlükə altında saxlayan bir infeksiya yayılıb. Təəssüf ki, bu infeksiya nəticəsində minlərlə insan həyatını itirib. Belə bir halda mənə elə gəlir ki, insanlar özü maraqlı olmalıdırlar ki, peyvənd vurdursunlar. Həqiqətən də bununla onlar həm öz səhhətlərini, həm də ki yaxınlarını qorumuş olacaqlar. Həmçinin də qanunlara tabe olmuş olacaqlar. Amma pulsuz olaraq peyvənd vurdurmaq əvəzinə 40-50 manat verib, yalançı pasport almaqla həm öz həyatını, həm də digərlərinin həyatını təhlükəyə atmağın nə anlamı var? Bu həqiqətən bir cinayət əməlidir" . 

Deputat vurğulayıb ki, bu cür saxta sənəd verən orqan çox böyük yanlışlığa yol vermiş olur:

"Əgər bir vətəndaş bunu almaq istəyirsə, onu  başa düşmək olar ki, tez-tələsik ona COVİD-19 pasportu lazımdır. Çünki vaxtında  vurdurmayıb, indi isə 1-2 ay gözləməli olacaq . Amma bunu verən  orqan, təşkilat, xəstəxana çox böyük yanlışlığa yol vermiş olur. Həmçinin Hippokrat andını pozmuş olur. Çünki bu, tək o insanın deyil, həm də onun ətrafında olan insanların həyatını təhlükəyə atmaq deməkdir. Yalançı COVİD-19 pasportu olan insanlar bir neçə aydan sonra həmin xəstəlik nəticəsində ölə bilərlər və yaxud da müalicə yanlış ola bilər. Bu həm də bəşəri bir cinayətdir. Buna görə də mən insanları bu şəkildə yalançı COVİD-19 pasportu almamağa və qanunsuzluq etməməyə səsləyirəm. Dövlət pulsuz şəkildə peyvəndləri verir. Gedin vaksinasiyadan keçin və həqiqi pasportlarınızı alın. Bu işdə qeyri-qanuni hərəkət edənlər, cinayət əməlinə yol verənlər də düşünürəm ki, gec-tez hüquq-mühafizə orqanları tərəfindən təsbit olunacaq və cəzalandırılacaq. Heç kim nə özünü, nə də ailəsini bu şəkildə təhlükəyə atmasın".