Hindistanın səhiyyə sahəsindəki vəziyyət ürəkaçan deyil. Ölkəni mukormikosis adlı “qara göbələk” xəstəliyi bürüyüb. Xəstəlikdən ölənlərin sayı günü-gündən artmaqdadır.
“Qara göbələk” infeksiyası artıq bir çox ölkədə aşkarlanıb. Həkimlərin qənaətinə görə, infeksiya COVİD-19 ilə əlaqəlidir və immunitet sistemi zəif olanlar yoluxurlar.
Qeyd edək ki, 2019-ci il sonlarından ilk dəfə Çində yayılan koronavirusun bir zamanlar ölkəmizi də ağuşuna alacağı ağlımıza gəlmirdi. Hətta müxtəlif səhiyyə üzrə mütəxəsislər epidemiyanın ölkəmizlə hansısa əlaqəsi olmadığını vurğulayırdılar.
Lakin belə olmadı. Bu baxımdan Hindistandakı “qara göbələk” infeksiyası da gün keçdikcə digər ölkələrin narahatlığına səbəb olur. Maraqlıdır, bu xəstəlik Azərbaycana da ayaq aça bilərmi?
Sualımızı cavablandıran tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a bildirib ki, hər zaman bir infeskiya digər xəstəlik və infeksiyaların yaranmasına səbəb olur:
“Bu günə qədər COVİD 19-la bağlı bəzi məqamların şahidi olduq. Mutasiyalara uğradı, Britaniya ştammı yayıldı və.s. Amma bunların qarşısı alındı. İndi isə “qara göbələk” infeksiyası geniş yayılıb.
Bu xəstəlik insanın görmə qabiliyyətini tam olaraq məhv edir. Xəstəlik bütün ölkələr və tibb elm aləmi üçün yenidir. Ancaq və ancaq ciddi qorunmaq lazımdır.
Sərhədlərin də ciddi nəzarətdə olmasına ehtiyac var. Bu xəstəlik yayılan ölkə vətəndaşlarının Azərbaycana gəlməsi zamanı ətraflı müayinələr lazımdır. Ümumilikdə isə sanitar-gigiyena qaydalarına riayət edilməlidir”.
Həkimin sözlərinə görə, Hindistanda sanitar qaydalara əməl olunmur:
“ “Qara göbələk” xəstəliyi elə ölkələrdə yayılır ki, orada tibb və səhiyyə az inkişaf edib, əhali çoxdur. Məsələn, Pakistan, Hindistan kimi ölkələrdə sanitar qaydalara çox riayət olunmur. Hər zaman söyləmişik ki, əlləri tez-tez yumaq lazımdır.
Artıq bunun nəticəsini də görməkdəyik. Qeyd etdiyim ölkələrdəki insanlarda isə sanitar-gigiyena haqqında təsəvvür belə yoxdur. Ona görə də bu cür xəstəliklər yaranır. Məsələn, Hindistanda eyni sudan hər bir iş üçün istifadə edilir: paltar yuyulur, içilir, çimilir, meyitlərin yandırılması zamanı istifadə olunur.
Hər zaman belə ölkələrdə bu xəstəliklər çox olur. Düşünürəm ki, Hindistandan və digər ölkələrdən gələnlərlə bağlı ciddi nəzarət olmalıdır ki, Azərbaycanda təhlükəli durum yaranmasın”.