Yoluxma riski hələ qalır

"Mall"lar fəaliyyətini bərpa etdi, məsuliyyət artırılmalıdır


Artıq ölkədə iri ticarət mərkəzləri və "Mall"lar fəaliyyətini bərpa edib. Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib. Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və idman zalları ilə yanaşı, "Mall"lar da fəaliyyətini bərpa edib. Xatırladaq ki, "Mall"ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılmışdı.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib. İnsanlar artıq tibbi maska taxmaq və sosial məsafəni gözləməklə iri ticarət mərkəzlərinə gedə biləcəklər. 
"Mall"ların açılması ilə bağlı Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri,  "Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə fikirlərini bölüşüb: "Fikrimcə, dövlət məsuliyyəti cəmiyyətlə bölüşməlidir. Təbii ki, yoluxma təhlükəsi həmişə var. Buna görə də insanlar mütləq bunun fərqində olmalıdır. Virus ölkəmizdə aşkarlanan gündən onunla bağlı dövlətimiz tərəfindən müxtəlif təbliğatlar aparılır. Həmçinin, mütəxəssislər vətəndaşlara səslənir və qorunma yollarını göstərir. Hesab edirəm ki, bəzi insanlar gözlərini dörd açmalı, qulaqlarındakı pambığı çıxarmalıdırlar. İnsan balıq deyil ki, akvariumda yaşasın. Axı biz virusa görə cəmiyyətdən tamamilə təcrid oluna bilmərik. Buna görə də bir az məsuliyyətli olaq. Sadəcə özümüzə azca əziyyət verib, tövsiyələrə əməl edək, xüsusən də, gigiyenik qaydalara. Qeyd edim ki, peyvənd olunan vətəndaşların sayına görə Azərbaycan MDB məkanında birinci yeri tutur. Bu fakt yoluxma riskini nisbətən azaldır".

S.Verdizadə hesab edir ki, əgər , "Mall"lar qaydalara uyğun fəaliyyət göstərsə, o zaman yoluxma riski də minimuma enəcək:

"İlk olaraq qeyd edim ki, "Mall"ların işləməsiylə bağlı müəyyən təlimatlar var. Sahibkarlardan o təlimatlara əməl etməyi tələb etməliyik. Yəni "Mall"lar qaydalara uyğun fəaliyyət göstərsə, yoluxma riski minimuma enəcək. Amma yenə o fikirdəyəm ki, vətəndaş özü öz sağlamlığının qeydinə qalmalıdır. "Allah bilən məsləhətdir" düşüncəsiylə hərəkət etmək olmaz!".