Yoluxma sayı artsa da xəstəlik yüngülgedişli, müalicə müddəti isə qısa olacaq
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb. Xüsusi karantin rejimi ilə bağlı yumşalmalardan, əsas da maskaların ləğvindən sonra yoluxma sayında sıçrayışlı artım müşahidə edilməsə də müəyyən artımların olduğu görünür. Bu da istər-istəməz insanlarda müəyyən narahatlıqlara səbəb olub. Həkimlər isə artıq koronavirusun bizim üçün ciddi təhlükə olmadığını iddia edir.
Tibb üzrə fəlsəfə doktoru, həkim-İnfeksionist Vüqar Cavadzadə “Şərq”ə açıqlamasında növbəti dəfə koronavirusun yoluxma arealının genişlənəcəyi və epidemioloji gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqlara ciddi səbəb olmadığını deyib. Onun sözlərinə görə, yaxın aylarda koronavirusa yoluxma hallarının kəskin artması, üçrəqəmli həddə qədər yüksəlməsi ehtimalı gözlənilən deyil: “Hələ ki artıb-azalmalar ikirəqəmli həddə davam edir. Düzü, mövcud situasiyada yoluxma sayının hansı həddə qədər yüksəlməsi ilə bağlı düzgün proqnoz vermək mümkün deyil. Amma mövcud durum belədir ki, tək-tək olsa da Azərbaycanda COVİD-19 infeksiyası daşıyıcılarına rast gəlinir. Növbəti aylarda epidemioloji vəziyyətin necə olacağını isə zaman göstərəcək”.
İnfeksionistin sözlərinə görə, yoluxma sayı üçrəqəmli həddə qədər yüksəlsə belə xəstəlik yüngülgedişli, müalicə müddəti isə qısa olacaq. Əvvəlki kimi hansısa ciddi ağırlaşmaların, ölüm hallarının artması, xəstəxanaların xəstə ilə dolub-daşması kimi hallar təkrarlanmayacaq. İnsanların böyük əksəriyyəti koronavirus infeksiyasına qarşı vaksinasiya olunub, müəyyən kateqoriyalar 3-cü doza peyvənd olunub. Təxminən 1 milyondan artıq Azərbaycan vətəndaşı COVİD-19-a yoluxaraq təbii immunitet qazanıb.