Vəziyyəti idarə etmək mümkün olacaq

Azərbaycanda koronavirusa kütləvi yoluxma ehtimalı çox aşağıdır

Əhalinin böyük əksəriyyətində kütləvi immunitet yarandığından əndişəyə ehtiyac yoxdur


  Dünyada olduğu kimi, Azərbaycanda da son günlərdə koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Bu səbəbdən ölkədəki epidemioloji vəziyyətlə bağlı  Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumata görə, dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq, pandemiyanın qarşısını tam almaq hələ də mümkün olmayıb: “Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. Dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanılmasına nail olunub”.
  Birgə məlumatda son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı 48 faiz artım xüsusi qeyd olunub. Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır: “Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.

  Əlavə olaraq bildirilib ki, respublikamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin bəzi insanlar (yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olanlar) nisbətən ağır keçirirlər. Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur.

  Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.
  Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur”.

  Qeyd edək ki, Avropanın bir sıra ölkələrini SARS-CoV-2 koronavirusunun yeni dalğası bürüyüb. Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavalerinin sözlərinə görə, infeksiyanın yayılmasına son dərəcə yoluxucu olan "omikron" ştamının - BA.4 və BA.5 alt növləri səbəb olur. Avropa ölkələrində BA.4 və BA.5 variantlarının dominant olacağı gözlənilir və çox güman ki, iyulun sonuna kimi bütün digər variantları sıxışdıracaq. Mütəxəssisin sözlərinə görə, hazırda "omikron" ştamının bu yarımtiplərinin ağır xəstəlik riskinin artmasına dair heç bir sübut yoxdur, lakin yaşlılar arasında yoluxma hallarının sayı artır ki, bu da ağırlaşmaya səbəb olur.

  Mütəxəssislər isə hesab edir ki, epidemioloji sabitlik pozulsa belə, Azərbaycanda koronavirus infeksiyasına yenidən kütləvi yoluxma ehtimalı hələlik yoxdur.

  İnfeksionist-hepatoloq Mərdan Əliyevin sözlərinə görə, yoluxma sayında  müəyyən artım müşahidə olunsa da, hazırda Azərbaycanda vəziyyət qənaətbəxşdir: “Əsas səbəblər immunitetin aşağı düşməsi, xəstəliyə həssaslığın artmasıdır. Yay fəslində artım qeydə alınsa da, sürətli olacağı ehtimalı aşağıdır. 

Payız fəslində yoluxma dinamikası yüksək ola bilər, amma əvvəlki dövrlə müqayisədə nəzərəçarpan dərəcədə olmayacaq çünki kollektiv immunitet formalaşıb. Yoluxma artsa belə, birdən-birə olmayacaq, tədricən olacaq. Yoluxanlar isə xəstəliyi yüngül keçirəcəklər. Nəzərə almalıyıq ki, ölkədə COVID-19 əleyhinə vaksinasiyaya prosesi bu gün də davam edir. Eyni zamanda xəstəliyə yoluxanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, əhalinin kütləvi immuniteti yaranıb. Ona görə yenidən kütləvi yoluxma ehtimalı hələlik yoxdur”.

  İnfeksionistin sözlərinə görə, hazırda yeni bir ştamm haqqında məlumat yoxdur. Son dövrlərdə yayılan artımın omikron variantı və ondan öncəkilərlə bağlı olduğu düşünülür. Ümid edirik ki, vəziyyət indiki kimi idarəolunan dərəcədə qalmaqda davam edər”.