Professor vətəndaşları hər 6 aydan bir vaksinasiya olmağa çağırır
Xüsusi karantin rejiminin xeyli dərəcədə yumşaldılması, gündəlik yoluxma sayının az qala sıfırlanması fonunda hər birimiz səbirsizliklə pandemiyanın ləğv olunması ilə bağlı ÜST-nin qərarını gözləyirdik. Sözügedən qurumsa əksinə, koronavirusa yoluxanların sayında kütləvi artım proqnozunu verib. Yəni ataların da dediyi kimi, “Sən saydığını say, gör, fələk nə sayır”. İllərdir bizi yoran infeksiyadan qurtulmağa çalışan dünya əhalisi yenidən COVİD-19 bəlası ilə qarşı-qarşıya dayanıb.
Mütəxəssislərin fikrincə, payız aylarında infeksiyanın sürətli yayılma ehtimalı istisna deyil və buna görə sentyabr-oktyabrda Azərbaycanda yenidən qapanmalar gözlənilir.
Quru sərhədlərin hələ də açılmaması, Azərbaycandan çıxmaq üçün yeganə quru yolun - Naxçıvan yolunun bağlanması da bu fikirləri daha da artırır. Doğrudur, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda koronavirus infeksiyası tam nəzarət altındadır. Bu virusa yoluxmalardan ağırlaşma halları da çox azalıb. Payız aylarında yoluxmaların sayının artacağı təqdirdə vəziyyətin qarşısıalınmaz hal almayacağı da istisna deyil.
İnfeksionist Nicat Əzimli “Şərq”ə açıqlamasında bildirib ki, dünya ölkələrində hazırda koronavirusa yoluxma halı yenidən artmaqdadır. Onun sözlərinə görə, ölkələr payızda yoluxmanın artması ilə bağlı hazırlıqlarını görməyə başlayıb: “Yoluxmaların artımının bir çox səbəbi var. Bunlara yay mövsümü ilə əlaqədar şəhərlərarası və ölkələrarası səyahətlərin çoxalması, vaksinasiyada xatırlatma dozalarına ehtiyacın artması və s. məsələlər aiddir. Həmçinin davamsız immunitetli infeksion xəstəliklərdə xəstəliyə təkrar yoluxmalar xarakterik bir haldır və təbii hesab olunur. Bu da öz növbəsində yoluxmalarda vaxtaşırı artımı təbii hesab etməyimizə əsas verir”.
Karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı deyilənlərə toxunan N.Əzimli bir infeksionist olaraq qapanmalara və sərt karantin qaydalarının tətbiqinə ehtiyac olmadığını deyib:
“Sadəcə olaraq insanlarımız ehtiyatlı davranmalı və profilaktik qaydalara əməl etməlidir. Əgər kimsə “Buster” dozası almayıbsa və vaxtı çatıbsa mütləq vaksinasiya olunsunlar. Kütləvi tədbirlərdən maksimum uzaq durmaq və insanlarla ünsiyyət zamanı sosial məsafəni qorumaq lazımdır. Ümumiyyətlə isə üzü payıza doğru Azərbaycanda yoluxma halı artsa belə hesab edirəm ki, sərt karantinə getməyə ehtiyac olmayacaq”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da karantin qaydalarının yenidən sərtləşdirilə biləcəyini qeyd edib: “Koronavirus çox ciddi və təhlükəli pandemiyadır. Baxmayaraq ki, son aylar virusa yoluxma sayı azalıb və karantin məhdudiyyətləri aradan qalxıb, amma bu, o demək deyil ki, COVİD infeksiyası başa çatıb. Koronavirus başa çatmayıb və görünən odur ki, hələ uzun müddət davam edəcək.
Yoluxma sayının artım dinamikasına nəzər yetirsək, görərik ki, mövcud durum karantin məhdudiyyətləri tətbiq edilən dövrdəki vəziyyətə adekvatdır. Yəni iyul ayında onsuz da bundan artıq yoluxma olmurdu. Bütün bunlar onu söyləməyə əsas verir ki, payız aylarında daha ciddi yoluxmalara hazır olmalıyıq”.
Professorun dediyinə görə, Azərbaycanda digər ölkələrlə müqayisədə koronavirusa qarşı kütləvi immunitet daha yüksəkdir: “Çünki bəzi dövlətlərdə peyvənd prosesi aşağı səviyyədə aparıldı. Bəziləri isə kifayət qədər böyükdür və bu səbəbdən vaksinasiya bütün ölkəni əhatə etmədi.
Bu baxımdan onlarda kütləvi immunitet zəifdir. Azərbaycanda isə vaksinasiya prosesi sürətlə aparıldı və əhalinin əksər hissəsini əhatə etdi. Eyni zamanda həm vaksinasiya olunanlar, həm də olunmayanlar arasında virusa yoluxanların sayı az deyil. Bu da immuniteti artıran faktor rolunda çıxış edir. Lakin bütün bunlara baxmayaraq, arxayınlaşmamalı, zəruri tədbirləri həyata keçirməliyik.
Soydaşlarımızı hər altı aydan bir vaksinasiya olunmağa dəvət edirəm. Yalnız bu yolla virusun öldürücü və amansız təsirlərindən qorunmuş olarıq”.