Sağlamlığınızdan əmin olun!

Koronavirusun fəsadları daha çox gözlərə təsir edir

"Bu xəstəlikdən sonra sinir sistemi, bel-onurğa, oynaqlarda ağrılar, bəzi insanlarda eşitmə qabiliyyətinin zəifləməsi baş verir"

  “COVID-19 insanın bütün orqanlarına, həmçinin gözlərə də təsir edir. 20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə bildirib. Onun sözlərinə görə, statistikaya görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir: “Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi. 

Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər. Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görmənin zəifləməsi müşahidə oluna biliər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur”. O qeyd edib ki, koronavirusun sürətlə yayıldığı dövrdə cərrahi əməliyyatların aparılması virusun yayılma riskini dəfələrlə artırırdı:

 “Bu səbəbdən pandemiya zamanı istənilən əməliyyatlar, o cümlədən göz əməliyyatı, xüsusi sanitar qaydalara riayət edilməklə aparılmalıdır. Oftalmoloji əməliyyat keçirmiş insanlarda COVID-19-un daha çox fəsad və ağırlaşma törətdiyi barədə heç bir tədqiqat yoxdur. Lakin pasiyent əməliyyatdan sonra bərpa dövründə COVID-19-a yoluxubsa, xəstəlik müddəti oftalmoloq nəzarəti də olmalıdır, çünki COVID-19 əlamətləri əməliyyatın nəticəsinə mənfi təsir göstərə bilər. 

Qoruyucu eynəklərin və tam üz qoruyucu plastik maskaların effektivliyini yoxlamaq üçün ABŞ, Böyük Britaniya, Hindistan, və Kolumbiyada tədqiqat aparılıb.  Tədqiqatlarda 7567 məhz yüksək risk qrupuna daxil olan tibb işçisi iştirak edib. Nəticələr qoruyucu vasitələrin effektivliyini təsdiqlədi: SARS-CoV-2 xəstələnmənin səviyyəsi 96 faizdən 40 faizədək azaldı. Kontakt linzalara gəlincə isə əksinə, pandemiya dövründə onlardan imtina etmək tövsiyə olunur. Düzdür, kontakt linzaların taxılması viruslara yoluxma ilə birbaşa əlaqəli deyil. Bununla belə, linzaları olan xəstələr gözlərinə daha tez-tez toxunur, bu da infeksiya riskini əhəmiyyətli dərəcədə artırır”. Həkim əlavə edib ki, COVID-19 pandemiyası dövründə göz gigiyenasına xüsusi diqqət yetirilməlidir: “İnfeksiyanın qarşısını almaq üçün əllərinizi tez-tez yuyun, şəxsi gigiyena qaydalarına əməl edin, mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməyənlərlə təması məhdudlaşdırmaq, xəstəliyin ilk əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir. Əgər yoluxmuş şəxslə təmasda olmaq məcburiyyətindəsinizsə, o zaman xüsusi qoruyucu eynəklərə üstünlük verilməlidir. Ümumiyyətlə, eynək yalnız günəşli havalarda deyil, soyuq havalarda da istifadə edilməlidir”. 

  Mütəxəssisin tövsiyələrini ciddiyə almaq vacibdir. Xatırladaq ki, COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrdə Hindistanda “qara göbələk” – göz xəstəliyi yayıldı və minlərlə hindli bu xəstəliyə tutuldu, infeksiya mənbəyi olan gözləri çıxarıldı. O zaman da bu xəstəliyə yaxalananların həyatda qalmaq şansı 100-də 50 dəyərləndirilirdi. 

Xəstələrin 80 faizi təcili əməliyyata alınır, müalicəsi artıq qeyri-mümkün olanların gözləri çıxarılır, əməliyyat otaqlarında çəkilmiş fotolar dünyanı dolaşır və insanları dəhşətə gətirirdi. Pandemiya artıq sönüb. Lakin sevinərək qaydalara laqeyd yanaşmaq hələ çox tezdir. Virusun hər dəfə yeni ştamları, yeni növləri ortaya çıxır və bunların insanları nə dərəcədə təsir altına ala biləcəyi də məlum deyil. Odur ki, bütün mənfi ehtimalları nəzərdə saxlayaraq gigiyena qaydalarına əməl etmək mütləqdir. Xüsusən, məsələ gözlərlə bağlıdırsa. 

Göz xəstəliklərindən qorunmaq üçün gigiyena qaydalarına əməl etməyin vacib olduğunu deyən Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, sağlamlığın pandemiyadan sonrakı bərpa dövrü çox önəmlidir: 

- Bəzən insanlar tələsir, səbirsiz olur, qızdırma aşağı düşdümü, bir neçə gün qızdırma olmadı, öskürək yumşaldı, elə bilirlər, xəstəlikdən tamam sağalıblar və əvvəlki gündəlik rejimə qayıdırlar. Halbuki, COVİD-19-a çox ciddi yanaşılmalıdır. Biz hər zaman vətəndaşlara tövsiyə edirik ki, koronavirusa yoluxma halı aşkarlanıbsa və müalicə alıblarsa, tam sağaldıqlarına əmin olsunlar. Müayinələrə laqeyd yanaşmasınlar. Bu virus elədir ki, orqanizmdə fəsadlar yarada, ağır izlər qoya bilir. 

Ola bilsin, insan ilk vaxtlarda bunu hiss etməsin, özünü yaxşı hiss etsin, xəstəliyin əlamətləri itib getsin. Amma sonra, gözlənilmədən xəstəlik geri qayıda bilər, yaxud da başqa orqanlarda fəsadlar ortaya çıxa bilər. 

Ona görə də müalicə başa çatdıqdan sonra da bir müddət həkim nəzarəti altında olmaq, hələ müalicə davam edirmiş kimi sağlamlığa ciddi diqqət etmək, yan xəstəliklərin olub-olmadığını bilmək üçün müayinələrdən keçmək lazımdır. İstənilən xəstəlik insanı gücsüzləşdirir, orqanizmi zəiflədir. 

Zəif orqanizmdə hansısa digər xəstəlik üzə çıxa bilər. O cümlədən göz xəstəlikləri də. Koronavirusun orqanizmdə bir çox fəsadlar yaratdığı məlumdur. 

Sinir sistemi, bel-onurğa, oynaqlarda ağrılar, xroniki xəstəlikləri olanlarda müəyyən ağırlaşmalar, o cümlədən də görmə qabiliyyətinin, bəzi insanlarda eşitmə qabiliyyətinin zəifləməsi baş verir. Elə pasiyentlər olur ki, koronavirusdan sağalıblar, amma hələ də iybilmə, dadbilmə qabiliyyətləri bərpa olunmayıb. 

İnsanlar hər hansı xəstəlik keçiriblərsə, orqanizmin möhkəmlənməsinə çalışmalıdırlar. Güclü orqanizmlərə xəstəlik qalib gələ bilmir.

 Gözlər orqanizmdə həssas orqandır. Kiçik bir infeksiya, toz parçası gözlərdə ağır fəsadlar yarada bilər. Gözdə sulanma, qaşınma, qızartı, ağrı varsa, görmədə torlanma yaranıbsa, mütləq həkimə müraciət edilməlidir.