Ora ən çirkli yerdir

Təyyarədə dişlərinizi fırçalamayın, əl çantasını tualet asılqanından asmayın!.. 

  Uzun müddət polis əməkdaşı olaraq çalışmış, hazırda isə mühafizə xidmətində işləyən Nichelle Laus xanımlara və təyyarə sərnişinlərinə lazımi tövsiyələr, məsləhətlər verib. Məsləhətlərini instagram hesabından paylaşan Nichelle xüsusilə qadınlara və təyyarə sərnişinlərinə səslənib. Mühafizə xidmətində çalışan xanım Nichelle kinoteatr, teatr, konsert salonu, yaxud rəfiqələrlə restoran və ya kafeyə gedərkən əl çantasının tualetə aparılmaması barədə ciddi xəbərdarlıq edib. Adətən tualet kabinələrinin qapısına asılqanlar vurulur. 

Xanımlar da adətləri üzrə əl çantalarını bu asılqanlara keçirir. Amma oğrular da elə buna görə tualetləri göz altında saxlayırlar. Qapının üstündən əllərini uzadıb çantanı alıb qaçırlar. Xanım tualetdən çıxanadək oğru çoxdan gözdən itmiş olur. Həmçinin mühafizəçi xanım təyyarə ilə səyahət edənlərə də bir sıra məsləhətlər verib.

 Hava şirkətlərinin birində çalışmış Nichelle sərnişinlərə məsləhət görür ki, nəbadə təyyarənin tualetində dişlərini fırçalamaq fikrinə düşsünlər. Qətiyyən bunu etmək olmaz. Çünki birincisi, tualetlər  təyyarələrin ən kirli hissəsidir. İkincisi, təyyarələrin tualetindəki su təyyarəyə depolanmış sudur ki, bu da filtrsiz axıdılır. 

Bu suyla dişləri fırçalamaq, ağız boşluğunu yaxalamaq min-bir xəstəliyə səbəb ola bilər. Əl çantasıyla, diş fırçasıyla tualetin yanından belə keçməyin. Ora ən çirkli yerdir.