Qızılca qripdən 6 dəfə daha yoluxucudur

Pediatr uşaqların qızılcaya qarşı peyvənd olunmasını vacib hal kimi qeyd edib

  
Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən bildirilib.
  
Qeyd edilib ki, nəticədə Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib.
  
"2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur.
 
 Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib. Məlumdur ki, istənilən yoluxucu xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha səmərəlidir. Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.
  Uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur", - məlumatda bildirilib.

  
Pediatr Günay Rəsulova isə deyib ki, infeksion xəstəlik olan qızılca qripdən 6 dəfə daha yoluxucudur. Sosial media hesabında bu mövzuya toxunan pediatr  qeyd edib ki, hər 5 yoluxmadan biri qulaq infeksiyası, pnevmaniya, ensefalit (beyin iltihabı) kimi ağır xəstəlik və ya ölümlə nəticələnə bilir: 

“Adətən, uşaqlar arasında yayılsa da, peyvənd almayan insanlar da hər hansı yaşda qızılcaya yoluxa bilirlər. Qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Lakin səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılca xəstəliyində ağırlaşma olmasa, sonrakı üç-dörd gündə səpkilər sönməyə doğru gedir və uşağın vəziyyəti yaxşılaşır. Amma müalicə qaydasına düzgün əməl edilməyəndə xəstəlik ağır formaya keçir. Xəstəliyin ən qorxulu ağırlaşması uşaqda qızılca pnevmoniyası, bir də ensefalitin (baş beyinin zədələnməsi) baş verməsidir. Bu ağırlaşmalara ciddi yanaşılmayanda ölümlə nəticələnə bilir. Ölkəmizdə qızılcanın həyəcan doğurduğunu demək olmaz. Az da olsa, təsadüf edilir, amma ağırlaşma ilə bağlı heç bir məlumat yoxdur”.
  
Pediatr uşaqların qızılcaya qarşı peyvənd  olunmasını  vacib hal kimi qeyd edib. Onun sözlərinə görə,  valideynlər uşaqlarına QPM peyvəndi etdirməklə qonşu ölkələrdə epidemiya halını alan bu infeksiyanın ölkəmizdə yayılmasının qarşısını ala bilər: "QPM peyvəndi qızılca, məxmərək, parotit xəstəliklərindən qoruyur. Üstəlik də, qızılca peyvəndinin 2 dozası bu xəstəliyə qarşı demək olar ki, 100 faiz qoruyur.  Valideynlər peyvənd təqviminə əsaslanaraq, buna biganə yanaşmamalıdırlar.  Ölkədə vaksinlərdən səbəbsiz yayınan uşaqlara görə, əsl peyvəndə əks göstəriş olan uşaqlar da risk altında qalır. Sağlam cəmiyyət üçün hamımız məsuliyyət hiss etməliyik. Övladlarımızı əsl qorumağın necə olduğunun fərqinə varmalıyıq, peyvənddən səbəbsiz yayınma hallarına yol verməyin, əziz valideynlər".