Səbəblər təhlükədən xəbər verir
Gün ərzində bir çox insandan “başım ağrıyır”, sözlərini eşidirik. Amma çox az adam tapılar ki, baş ağrısına ciddi önəm versin. Çoxumuz baş ağrısını sadə bir şey, gündəlik yorğunluq, əsəb və ya stress, həyəcanla əlaqələndirib üzərindən keçirik. Mütəxəssislərsə baş ağrısına ciddi diqqət edilməli olduğunu deyir. “Sherg.az”a “Milliyet.com.tr”yə istinadən bildirir ki, həkim Ann Nainan baş ağrılarının ciddi bir xəstəlik əlaməti ola biləcəyini qeyd edib. Ən əsası ağrının başın hansı hissəsində olduğunu dəqiqləşdirmək lazımdır. Başın müxtəlif nahiyələrindəki ağrılar müxtəlif səbəblərdən qaynaqlanır. Ağrının yeri – məkanı çox böyük əhəmiyyət daşıyır. Həkim qeyd edib ki, ani başlanan, əslindəsə əsaslı səbəblərdən qaynaqlanan baş ağrısından qurtulmaq üçün əksər insanlar cəld ağrıkəsicilərə əl atır. Ağrıkəsici dərmanlar ağrını müvəqqəti aradan qaldırır, ağrının səbəbi isə müalicə edilməmiş qalır. Başın hər hansı bir hissəsində yaranan ağrı həmin bölgədə problemlər olduğuna bir işarədir. Alın bölgəsində hiss edilən ağrı uzun müddət ekrana (o cümlədən telefon ekranına) baxmaqdan və zəif işıqda kitab oxumaqdan qaynaqlana bilər. Belə ağrını dəf etmək üçün mütaliəyə və televizor izləməyə, telefon ekranına baxmağa fasilə verilməlidir. Həkim alın bölgəsindəki ağrının, həmçinin stress və qayğılardan yarana biləcəyini də vurğulayıb. Dincəlmək üçün zəif işıqlandırılmış, qaranlıq otaq münasibdir. Gicgahlarda yaranan ağrı diş ağrısı, miqren və bir çox digər səbəblərdən ola bilər. Ağrını azaltmaq üçün soyuq kompres qoymaq və “Parasetamol” qəbul etmək məsləhətdir. Gicgahlardakı damarlar başın yalnız bir tərəfini təsir altında saxlayır. Gicgahlardakı ağrı sinir iltihabı qaynaqlı da ola bilər. Sinir iltihabı özünü qızdırma və görmə qabiliyyətində yaranan bulanıqlıqla göstərir. Ağrı başın arxa hissəsindədirsə, bu, əsasən stress və size əhatə edən qayğılarla bağlıdır. Həmçinin kofein tərkibli içki çox qəbul etmək və boyun gərginliyi (iş yerində fasiləsiz olaraq boynu əyərək əyləşmək, diqqətlə ekrana baxmaq) də başın arxa hissəsində ağrı yaradır. Bu durumlarda peşəkarların yardımı lazımdır. Başın sağ və ya sol hissəsində ağrılar miqren əlaməti ola bilər. Ağrı gözlərin arxasındadırsa, bu, sinuzit probleminə işarədir. Xüsusən payız və qış aylarında sərt külək və iqlim dəyişməsi sinuzit xəstəliyini artırır. Həkim vurğulayıb ki, baş ağrısı 6 saat ərzində azalmalı, bitməlidir. Əgər ağrılar 6 saatdan artıq davam edirsə, mütləq həkim müayinəsindən keçmək lazımdır.