Çünki immun sisteminə təsir edərək zədələyir
Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilib.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
“Qafqazinfo” məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan qızılca səbəbindən məktəbin bağlandığını təsdiqlədilər: “Sentyabrın 24-də Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlərdən birində qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib. Eyni hal növbəti günlərdə digər şagirdlərdə də müşahidə olunub və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib, hər biri sağalaraq, kafi vəziyyətdə evə yazılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən təhsil müəssisəsində yaranmış mövcud vəziyyət qiymətləndirilib və akt tərtib edilib. Aktda “son xəstəlik hadisəsindən 21 gün müddətinə gimnaziyaya uşaq qəbulunun dayandırılması” qeyd olunub”.
Qeyd olunub ki, hazırda gimnaziya şagirdləri distant təhsil alırlar: “Bu səbəbdən şagirdlərin yoluxmasının qarşısının alınması məqsədilə gimnaziyada dərslərin distant tədrisinə qərar verilib. Hazırda gimnaziyada zəruri dezinfeksiya işləri aparılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsinə əsasən, 27 oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda isə bildirilib ki, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada 25 sentyabr 2023-cü il tarixdən etibarən şagirdlər arasında qızılca virusuna yoluxma halları qeydə alınıb. Xəstələr Şəki Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmət göstərilib. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müəssisədə əks epidemik tədbirləri həyata keçirilib.
Aparılan tədbirlərlə yanaşı gimnaziyanın fəaliyyəti davam etdirilib.
Səhiyyə Nazirliyindən isə “Sherg.az"a verilən açıqlamada 2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılmasının müşahidə olunduğu bildirilib: Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeydə alınıb: “Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir. Uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”.
“Qızılca xəstəliyi, əslində, çox təhlükəlidir. Çünki immun sisteminə təsir edərək zədələyir”. Bunu isə "Trend"ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
İnfeksionistin fikrincə, bunun qarşısını almaq üçün peyvənd olunmaq mütləqdir: “Peyvənd çox gərəkli olduğu halda valideynlər bundan yayınır. Şayiələr var ki, guya peyvəndlər ziyanlıdır. Bu şayiələr çox təhlükəlidir, çünki valideynləri peyvənddən uzaqlaşdırır. Onlar düşünməlidirlər ki, peyvəndlə uşaqların gələcək sağlamlığını qoruya bilərlər.
Hətta qızılcanın ağırlaşmaları olur və ölüm halı baş verə bilər. Bu baş verməsə belə, xəstəliyə yoluxub sağalandan sonra uşağın immun sistemində problem yaranır və o, növbəti viruslara meyilli olur”. İnfeksionist qeyd edib ki, böyüklər qızılcaya qarşı həssas olur.
“Uşaqlıq dövründə keçirməyibsə, yoluxma halı ola bilər və xəstəliyi ağır keçirəcək”.
Pediatr Nigar Abdullayeva da “Sherg.az"a açıqlamasında son aylarda qızılca halları ilə müraciət edən pasiyentlərin sayının artdığını deyib. Səbəb kimi isə peyvəndlərdən imtina olunmasını vurğulayıb:
“Qızılca yüksək yoluxduruculuğa malik virus infeksiyasıdır. Xəstəliyin əlamətləri virusa yoluxduqdan 10-14 gün ərzində meydana çıxır. Əsasən uşaqlar bu xəstəliyə yoluxur. İlk əlamətlər qripə bənzər şəkildə keçir - qızdırma, burun axıntısı, asqırma, konyuktivit, öskürək, boğaz ağrısı. Daha sonra boyunda və üz nahiyəsində qırmızı ləkəli səpkilər yaranır və bu səpkilər daha sonra gövdə və ətraflara yayılır. Səpkilər 4 gun sonra tədricən solmağa və daha sonra qabıqlanmağa başlayır. Xəstə səpkilərin yaranmasından 3-4 gün öncə və 4 gün sonrasına qədər yoluxdurucu sayılır”.
Pediatrın sözlərinə görə, qızılca pnevmoniya, otit, korluq, subakutsklerozanpanensefalit (SSPE) kimi ağırlaşmalara səbəb ola bilir: “Subakutsklerozanpanensefalit (SSPE) ən təhlükəli fəsadıdır və qızılca virusunun beynə yerləşməsi ilə yaranır. Beyində sinir zədələnməsinə yol açan, proqressivləşən xroniki xəstəlikdir, insanın qızılca keçirməsindən 5-6 il sonra ortaya çıxır. Qızılca peyvəndi olunmayan uşaqlar xəstəliyi daha ağır keçirir və bu sadalanan ağırlaşmalar da məhz bu pasiyentlərdə daha çox rastlanır. Qızılcadan qorunmanın ən effektiv və sınanmış yolu peyvənddir. Peyvəndin isə 2 dozası tətbiq olunur. 1-ci doza 1 yaşında, 2-ci doza isə 6 yaşında edilməlidir”.