Qəfil ölümlərə səbəb nədir?

Problemə daha çox artıq çəkili qadınlarda rast gəlinir

“Vaxtsız və qəfləti baş verən ölümlərin bir çoxu tromblarla əlaqələndirilir. Ürək, ağciyər damarlarının trombları daha təhlükəli sayılır”.

 Bu sözləri “Sherg.az”a açıqlamasında ürək-damar cərrahı Ramil Əliyev deyib.  
  
Cərrahın sözlərinə görə, bəzi hallarda ürək infarktı nəticəsində baş verən qəfləti ölümlər də trombla əlaqələndirilir. Trombun ağciyər damarlarına düşməsi nəticəsində ağciyər emboliyası yaranır. Bu xəstəlik zamanı əksər hallarda ölüm faizi çox yüksəkdir: “Kəskin pulmonar emboliyanın əsas səbəblərindən biri aşağı ətraf venalarda yaranan problemdir. Bunun nəticəsində tromblar meydana gəlir. Kəskin halda yaranan trombun yapışma ehtimalı yoxdur və ona görə də yuxarı hissəyə atılır. Tromb damarla ürəyin içinə, oradan isə ağciyərə gedir. Tromb ağciyər damarını tutanda emboliya və yaxud ağciyər infarktı əmələ gəlir.
  
Tromblar əsasən artıq çəkili insanlarda yaranır. Problemə qadınlarda daha çox rast gəlinir, digər səbəb keçirilən əməliyyatlar olur:

 Diz oynağında, sümüklərdə, ombada keçirilən əməliyyatlar səbəbindən venoz çatışmazlığı, qan dövranının zəifləməsi trombun yaranması ilə nəticələnir. Tromb heç bir əlamət verməyə də bilər. Trombun olub-olmadığını bilmək istəyən şəxs ilk növbədə həkimə, kardioloqa müraciət etməlidir. Trombların aşkar edilməsi üçün əsasən USM və dopler müayinəsindən istifadə olunur. Trombların yaranması irsi faktordan deyil, daha çox şərait, həyat tərzindən asılıdır”.