Düyünlərə rast gəldikdə mütləq həkim tərəfindən yoxlanılmalıdır
“2022-ci ildə 8 305 nəfər onkoloji xəstəlikdən vəfat edib”. Bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 1121 nəfəri süd vəzi xərçənginin bədxassəli törəmələri səbəbindən ölüb.
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva isə bildirib ki, Azərbaycanda ötən il qadınlar arasında 2 mindən çox süd vəzisi xərçəngi aşkar edilib: “Bunun da daha çoxu erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxdığımızda süd vəzisi xərçənginin gəncləşdiyini müşahidə edirik”.
O qeyd edib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış onkoloji xəstəlik növlərindən biridir: "Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. Bu, bir tərəfdən diaqnostika sahəsində inkişafın, digər tərəfdən isə xəstəliyin daha da artdığının göstəricisidir".
"Diaqnozu təsdiq edilmiş xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Azərbaycanda da bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq xəstələrin sayı artır. Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır", - deyə N.Qasımov əlavə edib. O deyib ki, rayonlarda maarifləndirmə proqramları işlənib hazırlanır və tədris mərkəzlərinə göndərilir.
Mamoloq-cərrah Rəna Ələkbərova isə “Sherg.az"la söhbətində süd vəzi xərçənginin qadınlar arasında ən çox rast gəlinən şiş olduğunu deyib. Onun sözlərinə görə, onkoloji xəstəliklərin strukturunda uzun müddətdir ki, birinci yeri tutur: “Xərçəngin yaranmasında davamlı stress, düzgün olmayan qidalanma, hormonal faktorlar, artıq çəki və fiziki aktivliyin az olması kimi faktorlar əsas rol oynayır. Xərçəng diaqnozu hər bir xəstənin həyatını dəyişir və bu adı eşidən insanlar təbii olaraq böyük qorxu və narahatlıq keçirir. Amma nə üçün yox, nə etmək olar, sualı ətrafında düşünmək lazımdır. Müasir onkologiyanın imkanları genişdir və xəstələrin tam sağalma şansı mövcuddur. Müalicənin nəticələri xəstəliyin hansı mərhələdə aşkarlanmasından asılıdır. Erkən klinikaya qədərki mərhələdə sağalmaq ehtimalı 100 faizdir. Sonrakı mərhələlərdə isə nəticə əldə etmək çətinləşir.
Bu səbəbdən qadınların mütəmadi olaraq süd vəzilərini yoxlamaları və hər hansı dəyişiklik olduqda mütləq müayinələrdən keçmələri tövsiyə edilir”.
Mamoloqun sözlərinə görə, süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin son illərdə daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Qadınlar gündəlik həyat tərzlərini sağlamlığın əsas şərtlərinə uyğun formalaşdırmaqla özlərini süd vəzi xərçəngindən qoruya bilərlər: “Süd vəzisi xərçənginin ilkin diaqnozu (erkən diaqnoz) süd vəzisi ultrasəsi və mamoqrafiyası ilə qoyulur. Süd vəzi xərçənginin bir neçə simptomu vardır, lakin ilk diqqəti çəkən simptom adətən düyün və ya süd vəzi toxumasında olan qalınlaşmış sahənin olmasıdır. Süd vəzi düyünlərinin çoxu xərçəng deyil. Lakin rast gəlindikdə mütləq həkim tərəfindən yoxlanılmalıdır”.