Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi-sosial problemlərdən biridir. Günümüzdə qarşısı alına bilən ölümlərin siqaretdən sonra gələn ikinci vacib səbəbi piylənmədir. Əhəmiyyətli bir məqam isə son illərdə piylənmə xəstəliyinin uşaq və yeniyetmələr arasında getdikcə daha çox rast gəlinməsidir.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a vurğulayıb ki, piylənməyə çəki artıqlığı deyilsə daha düzgün olar.
“Piylənmənin müxtəlif mənşəli səbəbləri var. Burada endokrin və genetik xəstəliklərdə rol oynayır. Artıq çəkinin əsas səbəblərindən biri də bədənə daxil olan kalori ilə sərf olunan kalori arasında balansın olmamasıdır. İnsanlar çox qida qəbul edərək az hərəkət edirlər. Bədənə daxil olan qida, xüsusilə karbohidratlar enerjiyə sərf olunmur. Nəticədə də orqanizmdə depolaşaraq artıq çəkiyə yol açır. İdman, aktiv hərəkət, az qida qəbulu, açıq havada gəzmək bu xəstəliyin yeganə çıxış yoludur. Piylənməyə gənclər arasında daha çox rast gəlinir. Bu problem, sonda ürək-damar xəstəliklərinə, əmək qabiliyyətinin erkən itirilməsinə səbəb olaraq insan ömrünü azaldır”.