Tərəvəz bitkiləri qida rasionunun tənzimlənməsində əhəmiyyətli rola malikdir. Qiymətli qida məhsulları olmaqla yanaşı, tərəvəz bitkiləri konserv sənayesini də xammalla təmin edir. Xüsusən də payız aylarında orqanizmi möhkəmləndirmək, lazımi vitamin və mikroelementlərlə təmin etmək üçün tərəvəzlərin istehlakı olduqca faydalıdır.
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, enerji verən qidalar bədənimizi ehtiyac duyduğu enerji ilə təmin edir, bu orqanizmin sağlam və yaxşı işləməsi üçün çox vacibdir:
''Enerji verən qidalar karbohidratlar, yağlar və zülallar kimi vacib elementləri ehtiva edir. Həmçinin sözügedən qidaların tərkibində bədənin ehtiyac duyduğu minerallar və vitaminlər də var ki, bu da gündəlik həyatımızda çox mühüm rol oynayır. Təbii ki, meyvə və tərəvəzlər də enerji verən qida qrupları arasındadır. Avokado, üzüm, alma, banan, ananas, qreypfrut, kivi, portağal, manqo, ispanaq, fındıq, qırmızı kələm, qırmızı acı bibər, lobya və s. enerji verən meyvə və tərəvəzlər kimi tanınır. Ümumiyyətlə meyvə və tərəvəzlər xolesterol və şəkəri balanslaşdırmağa kömək edir, immuniteti gücləndirir, xəstəliklərdən qoruyur, həzmi yaxşılaşdırır, toksinləri çıxarmağa kömək edir. Sağlamlıq üçün çox faydalı olan meyvə və tərəvəzləri öz mövsümündə qida rasionunuzdan əskik etməyin. Sağlam qidalanaraq sağlam yaşayın!''