Hər il olduğu kimi, bu il də mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması müşahidə olunur. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır.
Bunu APA-nın sorğusuna cavab olaraq Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.
Onun sözlərinə görə, əsas simptomlar arasında 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürəkdir:
“Virus infeksiyaları hava damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə, gigiyenik qaydalara riayət edilməlidir, insanların kütləvi toplandığı yerlərdən uşaqlar uzaq tutulmalıdır. Evdə xəstə uşaq varsa digər şəxslərlə ünsiyyət minimuma endirilməlidir. Qızdırma salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunur. Çoxlu maye qəbulu, yüksək kalorili və bol vitaminli qidalar eyni zamanda meyvə-tərəvəz yeyilməsi vacibdir”.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, Yayılan xəstəlik mövsümi viruslardır:
“Mövsümi virusların əsas simptomlar burun tıxanıqlığı, boğaz ağrısı, öskürək və halsızlıqdır. Əvvəlki illərə nisbətən xəstəliyin müddəti uzun çəkir. Amma ölümcül ağırlaşmalara hələ rast gəlinməyib. Virusdan qorunma yolları isə hər zamankı kimi eynidir. Ümumiyyətlə xəstə uşaqlar məktəbə və baxçaya getməməlidir. Bu, ən birinci vacib şərtdir. Çünki bu təqdirdə həm uşaq tez sağalır, həm də ətrafındakı sağlam uşaqları yoluxdurmur. Yaxşı olar ki, insanların sıx olduğu yerlərə də getməsinlər və açıq havada olsunlar. Yemək menyusunda isə meyvə, tərəvəz və ət məhsulları üstünlük təşkil etməlidir. Həmçinin əlləri də tez-tez yumaq lazımdır. Yəni bu viruslardan qorunmağın qeyri adi fövqəladə bir yolu yoxdur”.