AİB sədri: İşbazlar marqarini kərə yağı adı ilə satırlar

Eyyub Hüseynov: Kərə yağı istehsalının azalması süd qıtlığı ilə bağlıdır

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% azdır. Yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib. Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib. Ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, kərə yağının istehsalı getdikcə azalır. Bu da heyvandarlığın inkişafının zəifləməsi ilə birbaşa əlaqəlidir: 

- Ölkədə süd defisiti yaranıb, ona görə də kərə yağı istehsalı azalıb. 15-20 litr süddən bir kiloqram kərə yağı almaq olur. Natural südü sərirlər, ondan qaymaq əmələ gəlir. Qaymağı yığır, ondan yağ hazırlayırlar. Bu yağ natural yağdır. Lakin qaymağın altda qalan südün 94 faizi sudur. Üzsüz süd deyirlər buna. Adətən onu atırlar, ya da üzsüz qatıq çalırlar. Lakin işbazlar altdakı südü atmır. Həmin altdakı südə ucuz marqarin yağları vurur, tam yüz faiz trans yağlar qarışdırılır. Ölkədə heyvandarlıq inkişaf etdirilmir, bölgələrdə kim ki həyətində inək, camış saxlayır, onlar təmiz kərə, nehrə yağı əldə edirlər. Kiçik təsərrüfatlarla kifayət qədər süd, yağ istehsal etmək mümkün deyil. Heyvandarlıq inkişaf etmir deyə, yerli istehsal azalır, idxala üstünlük verilir. İdxal olunan yağlara da işbazlar marqarin, palma yağları qarışdırır, kərə yağı adı altında satışa çıxarırlar. Ona görədir ki, kərə yağının istehsalı azalır, amma marqarin yağının istehsalı artır. Çünki bu sərf edir işbazlara. Ucuz yağ alıb “bahalı yağ” düzəldirlər. Dövlət Statstika Komitəsinin məlumatı var ki ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda marqarin yağının istehsalı artıb.