Toz, polen və ya mikroblar burunu qıcıqlandırdıqda bədən avtomatik olaraq asqırma refleksi yaradır. Bu proses zamanı yalnız burun deyil, göz qapaqları da refleks şəkildə hərəkətə keçir və gözlər bağlanır.
Sherg.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hal bədənin qoruyucu mexanizminin bir hissəsidir. Asqırıq zamanı güclü hava axını yaranır və sürəti saatda təxminən 150 kilometrə çata bilər. Göz qapaqlarının bağlanması isə havaya qarışan mikrodamcıların və hissəciklərin gözə düşməsinin qarşısını almağa kömək edir.
Alimlər bildirir ki, asqırarkən gözləri açıq saxlamaq mümkündür, lakin refleks mexanizmi səbəbindən bunu etmək əksər insanlar üçün olduqca çətindir. Həmçinin cəmiyyətdə yayılan “asqırarkən gözlər yerindən çıxar” fikri isə elmi baxımdan doğru hesab olunmur.
Qeyd olunur ki, asqırıq tənəffüs yollarını təmizləyən və orqanizmi mikroblardan qoruyan təbii müdafiə refleksidir.