Vaxtında lazımi yerə yetişmək hər kəs üçün çətin ola bilər. Amma əgər siz davamlı olaraq gecikirsinizsə, bu vərdiş problemi deyil, beynin işləmə tərzi ilə bağlı bir neyroloji pozuntunun simptomu ola bilər. Son tədqiqatlar göstərir ki, vaxtı düzgün hiss etməmək və ya “zamanı idarə edə bilməmək” ADHD (Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu) ilə əlaqəli ola bilər.
Zamanı düzgün hiss etməmək - “zaman korluğu”
Sherg.az ''Euronews''a istinadən xəbər verir ki, ADHD olan insanlarda beynin icraedici funksiyaları zəif işləyə bilər. Bu, planlaşdırma, təşkil etmə və vaxtın keçidini hiss etmə bacarıqlarının azalması deməkdir. Nəticədə, insan neçə dəqiqənin keçdiyini düzgün qiymətləndirmir və daim gecikir. Bu hal tibb ədəbiyyatında “zaman korluğu” adlanır.
Məsələn, Liverpoolda yaşayan musiqiçi Alis Lovatt deyir: “Daxilimdə heç bir saat işləmirmiş kimi gəlir. Mən həmişə vaxtı düzgün hiss etməmişəm. Gənclikdə bu, sosial, məktəb və iş həyatında ciddi çətinliklər yaradıb. Diagnoz qoyulduqdan sonra isə gecikmələrinin səbəbi aydınlaşıb.”
Hər gecikmə ADHD demək deyil
Psixoterapevt S.Stefan bildirir ki, hər kəs bəzən gecikə bilər. Lakin ADHD-də bu gecikmələr gündəlik həyatı pozur. Yəni insan yalnız gecikmir, gecikmə onun iş, sosial və şəxsi həyatına ciddi təsir göstərir.
Bəzi hallarda stimullaşdırıcı dərmanlar ADHD simptomlarını yüngülləşdirməklə zaman hissini də yaxşılaşdıra bilər. Bu isə göstərir ki, gecikmənin arxasında neyrobioloji səbəblər də ola bilər.
Lakin unutmamaq lazımdır ki, hər gecikən insanda ADHD olmaya da bilər. Bu, qeyri-nizamlılıq, həyəcan, stress və ya şəxsi vərdişlər səbəbindən qaynaqlanan problem də ola bilər.
Vaxtı idarə etməyin sadə yolları
Hər kəs vaxtını daha yaxşı idarə etmək üçün aşağıdakı üsulları tətbiq edə bilər:
Smart saat və ya telefon tətbiqləri ilə vaxtı izləmək;
Tapşırıqları kiçik hissələrə bölmək və planlamaq;
Diqqəti yayındıran şeyləri azaltmaq - sosial media, oyunlar və s.
Vaxtı real olaraq qeyd etmək - tapşırıqların nə qədər sürdüyünü ölçmək.
Alis Lovatt deyir ki, bu üsulları tətbiq etməklə gündəlik həyatında böyük fərq hiss edib. Əvvəl 20 dəqiqə düşünərək hazırlaşdığını zənn etdiyi səhərlər əslində 45 dəqiqə çəkirdi. Bu sadə planlama ona vaxtı daha real görməyə və gecikmələri azaltmağa kömək edib.