Doğuşdan sonra qadının həyatında həm fiziki, həm də psixoloji baxımdan ciddi dəyişikliklər baş verir. Mütəxəssislər bildirirlər ki, bu dövrdə bərpa prosesi sağlam və balanslı yanaşma ilə aparılmalıdır.
Sherg.az xəbər verir ki, həkimlərin sözlərinə görə, doğuşdan sonra artıq çəkinin qalması təkcə iradə ilə bağlı deyil. Hormonal dəyişikliklər, yuxusuzluq, stress, ana südü ilə qidalandırma, fiziki aktivliyin azalması və digər amillər bərpa prosesinə təsir göstərir.
Mütəxəssislər qadınlara sərt pəhrizlərdən uzaq durmağı, balanslı qidalanma, yüngül fiziki aktivlik və kifayət qədər istirahətə üstünlük verməyi tövsiyə edirlər. Əgər çəki uzun müddət dəyişmirsə, güclü yorğunluq, ödem, hormonal pozğunluq və ya digər narahatlıqlar müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.
Həkimlər vurğulayırlar ki, bəzi hallarda artıq çəkinin aradan qaldırılması üçün dərman müalicəsi də nəzərdən keçirilə bilər. Lakin belə preparatlar yalnız tibbi göstəriş olduqda və mütəxəssis nəzarəti altında istifadə edilməlidir.
Ekspertlərin fikrincə, doğuşdan sonra qadının öz sağlamlığına və psixoloji vəziyyətinə diqqət ayırması eqoizm deyil, həm ananın, həm də ailənin rifahı üçün vacib şərtdir.