Türkiyənin Kahramanmaraş bölgəsində yaşayan Hanifi Özdemir təxminən 4 il davam edən hıçqırıq tutmalarından Ankara Bilkent Şəhər xəstəxanasında tətbiq olunan müalicə ilə bir həftədə qurtulub.
Sherg.az xəbər verir ki, Özdemir 4 il ərzində aralıqlarla 4–5 gün davam edən və qısa fasilələrdən sonra təkrar başlayan hıçqırıq tutmaları keçirirdi. Tutmalar zamanı yuxuya gedə bilməyən, yemək yeyə bilməyən və danışmaqda çətinlik çəkən Özdemir yaxınlarının tövsiyəsi ilə Ankara Bilkent Şəhər xəstəxanasına müraciət edib. Burada aparılan müayinələrdən sonra müalicəyə başlanan xəstənin hıçqırıq tutmaları 1 həftədə sona çatdı.
Özdemir yaşadığı dövrü belə xatırlayır:
“Hıçqırıq anidən gəlirdi və 4–5 gün boyunca dayanmazdı, gecə-gündüz davam edirdi. Yemək yeyə bilmirdim, yuxu tutmurdu, çox əziyyət çəkirdim. Artıq hıçqırığım keçdiyi üçün çox xoşbəxtəm. Bayram üçün doğma şəhərimə gedirəm, sanki ikinci dəfə bayram yaşayıram.”
Xəstəxana rəsmilərinin açıqlaması da maraqlıdı.
Doç. Dr. Rana Tuna Doğrul qeyd etdi ki, 4 il davam edən hıçqırıq Özdemirin gündəlik həyatına ciddi təsir göstərirdi və müalicə ilə tamamilə aradan qalxdı:
“Müalicə ilə birlikdə xəstədə hıçqırıq artıq görünmür. Uzun müddət davam edən davamlı hıçqırıq şikayəti tamamilə yoxa çıxdı.”
Dr. Kübra Ərdoğan əlavə etdi ki, hıçqırıq diyafram əzələsinin qeyri-iradi sıxılması nəticəsində yaranır və 48 saatdan uzun davam edərsə, mütləq həkimə müraciət edilməlidir. Hıçqırığın səbəbləri müxtəlif ola bilər: beyin infeksiyaları, ağciyər xəstəlikləri, ürək problemləri, həzm sistemi pozğunluqları, dərman yan təsirləri və psixogen faktorlar.
Özdemirdə aparılan müayinələrdə heç bir orqanik patoloji aşkar edilməyib, mövcud reflü şikayətləri isə xəstəxanada müalicə və qidalanma dəyişiklikləri ilə azaldılıb. Xəstənin ümumi vəziyyəti yaxşıdır və müraciətindən sonra hıçqırıq müşahidə olunmayıb.