Elektron siqaret adi siqaretdən təhlükəlidir - Professor xəbərdarlıq edir

Süni dadlandırıcılar xərçəng riskini artırır

Elektron siqaretlərlə bağlı cərimələr artırılır. Milli Məclisdə müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən 2026-cı il aprelin 1-dən etibarən elektron siqaretlər və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli (350) manatdan beş yüz (500) manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli (1650) manatdan iki min iki yüz (2200) manatadək məbləğdə, hüquqi şəxslər dörd min (4000) manatdan beş min (5000) manatadək məbləğdə cərimə ediləcək. “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Bu Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi müsəbt adlandırdı: 

- Elektron siqaretlər digər siqaretlər kimi, hətta onlardan daha təhlükəlidir. Elektron siqaret istehsalında istifadə olunan maddələr süni boyalar, süni dadlandırıcılardır. Bunlar, əksinə, zaman-zaman insanlarda siqaret çəkmək istəyi yaradır. Siqaretə aludəçiliyi artırır. Elektron siqaretlərin tərkibində istifadə olunan maddələr konserogen təsirə malikdir. Yanma zamanı onlardan alınan tüstünün tərkibində də sağlamlığa ziyan vuran maddələr var. Hesab edirəm ki, elektron siqaretlər gələcək təsirinə görə, heç də adi siqaretdən geri qalmır. Bu, yalnız elektron siqaretlərə yox, həmçinin qəlyanlara da aiddir. Qəlyan çəkənlər də birmənalı şəkildə bilməlidirlər ki, istifadə etdikləri maddələr süni meyvə qoxuludur. İstifadə zamanı parçalanan və əmələ gələn tüstü konserigen tərkiblidir. Konserogen maddələr orqanizmin əsas düşmənlərindən biridir və xərçəng hüceyrələrinin yaranmasına, aktivləşməsinə səbəb olur, nəticədə xərçəng şişləri əmələ gəlir. İnsanlarımızı bu bəladan uzaqlaşdırmaq üçün bu cür zərərli məhsulların idxalı, satışı ilə məşğul olanlara qarşı sərt cəzalar tətbiq edilməlidir.