Həkimdən möcüzə əməliyyat: 16 həftəlik körpəyə ana bətnində müdaxilə edildi

Antalyada sidik kisəsi şişən və böyrəklərində genişlənmə müşahidə olunan körpəni Akdeniz Universitetinin Tibb fakültəsinin Qadın xəstəlikləri və doğum kafedrasının rəhbəri Prof. Dr. Selahattin Kumru və komandası ana bətnində, 16 həftəlik olarkən əməliyyat edib. Əməliyyat sayəsində həyatda qalan və 33-cü həftədə dünyaya gələn körpəyə Əmirhan adı verilib. 31 yaşlı ana Fatma Acar, “Həkimlərim sonda körpəmi sağlam şəkildə qucağıma verdi, çox xoşbəxtəm” deyib.

Sherg.az xəbər verir ki, 2018-ci ildə gerçəkləşdirilən bu əməliyyat Türkiyədə ana bətnində icra olunan ilk əməliyyat sayılır:

Prof. Dr. Selahattin Kumru bildirib ki, 33 həftəlik doğulan Əmirhan Acar adlı körpədə “posterior uretral valv” adlanan sağlamlıq problemi olub:

“Körpənin sidiyi sidik kisəsindən xaricə axmırdı, tıxanmışdı. Belə hallarda sidik axa bilmədiyi üçün sidik kisəsində toplanır. Daha sonra bu toplanma böyrəklərə doğru gedir və böyrəklər zədələnir. Sidik axmadığı üçün körpənin bədənindəki su azalır. Su az olduqda ağciyər inkişafı mənfi təsirlənir. Ağciyərlər inkişaf etmədiyi üçün bu körpələrin çoxu həyatını itirir. Əmirhan adlı körpənin sidik kisəsindən sidiyin xaricə axmasını təmin etmək üçün kateter yerləşdirilib. Kateterin bir ucu sidik kisəsinin içində, digər ucu isə qarının xaricində idi. Beləliklə, sidik boşaldıldı. Bu sayədə böyrəklərdə sidik yığılmasının və mənfi təsirlərin qarşısını aldıq. Eyni zamanda suyun azalmasının qarşısını alaraq ağciyər inkişafına şərait yaratdıq. Körpəmizdə hər şey yaxşı getdi. 22-ci həftədə də kateter yerləşdirdik. 33-cü həftədə kateter yerindən tərpəndi. Yenidoğulmuş şöbəsi ilə məsləhətləşərək körpəni dünyaya gətirdik. Xəstəliyin diaqnozu ana bətnində 3-cü aydan sonra qoyula bilir. Əgər böyrəklərin işlədiyinə əmin olsaq, o zaman şunt əməliyyatı tətbiq edirik".

3 uşaq anası Fatma Acar bildirib ki, ilk müraciət etdikləri xəstəxanada ona qarnında kist olduğu deyilib:

“Həkimlərimizin tövsiyəsi ilə Akdeniz Universiteti Xəstəxanasına yönləndirildik. Kist olmadığı, körpəmin sidik kisəsində tıxanma olduğu müəyyən edildi. Həkimlərim bütün imkanlardan istifadə etdilər və sonda körpəmi sağlam şəkildə qucağıma verdilər, çox xoşbəxtəm".

Ata Fevzi Acar isə bildirib:

“Həyat yoldaşım Fatmanın hamiləliyinin 3-cü ayında getdiyimiz xəstəxanada qarnında kist olduğunu demişdilər. Bu işin mütəxəssisinin Səlahəfdin Kumru olduğunu öyrəndik. Akdeniz Universiteti Xəstəxanasına gəldik. Həkimimiz lazımi diqqət və qayğını göstərdi. Uşağımızı bizə sağlam şəkildə təhvil verdi. 33-cü həftədə şunt yerindən çıxdı və erkən doğum oldu, amma hər şey qaydasında yekunlaşdı".

Təxminən 5 gün xəstəxanada nəzarət altında saxlanılan Əmirhan adlı körpə daha sonra evə buraxılıb.

Qeyd edək ki, hazırda həmin körpənin 8 yaşı var və həyatına sağlam şəkildə davam edir.